Hakimiyyətə qarşı radikal müxalif mövqedə olan partiyalar arasında yeni qalmaqal yaşanır. Səbəb mitinq keçirmək istəyi ilə bağlıdır. Əvvəlcə Müsavat Partiyası belə bir istəyinin olduğunu bəyan edib.
Partiyanın yaydığı məlumatda bildirilib ki, onlar “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna əsasən, 7 aprel, saat 15:00-dan 17:00-dək “Siyasi məhbuslara azadlıq!”, “Sərbəst toplaşmaq hüququ təmin edilsin!”, “Azad siyasi rəqabət şəraiti yaradılsın!” və s. şüarlarla yürüş-mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət edib. Partiya yürüş-mitinqin keçirilməsi üçün bir neçə marşrut təklif edib.
Maraqlıdır ki, bu qərardan sonra Müsavat Partiyasının təmsil olunmadığı Demokratik Qüvvələrin Milli Şurası aprelin 6-da Bakıda "Məhsul" stadionunda mitinq keçirmək barədə qərar qəbul edib. Bu barədə Milli Şuranın sədri Cəmil Həsəni “Facebook” səhifəsində məlumat yayıb. O bildirir ki, respublika Konstitusiyası və “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna uyğun olaraq, Milli Şura dinc kütləvi aksiya keçirməyi planlaşdırır.
Qeyd edək ki, Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinqdən sonra Bakı meriyası indiyədək hər hansı aksiyanın keçirilməsinə razılıq verməyib.
Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının fevralın 23-də və martın 2-də, Müsavat Partiyasının martın 10-da keçirmək istədiyi aksiyalara razılıq verməyib. Milli Şuranın Müsavatdan bir gün əvvələ mitinq təyin etməsi birmənalı qarşılanmayıb. Partiyanın funksioneri Mustafa Hacıbəyli birgə mitinq keçirmək istəmədikləri ilə bağlı Milli Şura rəhbərliyini tənqid edib. O özünün “Facebook” səhifəsində bunları yazıb: “Müsavatın birgə mitinqlər təklifindən Milli Şura Əli Kərimlinin timsalında imtina edib.
Martın 18-də Müsavat Divanı aprelin 7-də mitinq keçirmək barədə qərar verib. İndi oxudum ki, bundan 3 saat əvvəl Milli Şuranın aprelin 6-na mitinq təyin etdiyi barədə xəbər yayılıb.
Bu gün açıqlanan qərarın siyasi etikaya və müxalifətin maraqlarına nə dərəcədə uyğun olub-olmadığını kənara qoyuram - "hüquqlarıdır" deyirəm. Bunu sadəcə ona görə yazdım ki, "niyə bir yerdə keçirmirsiniz" sualını verənlər məsələnin nə yerdə olduğunu bilsinlər”.
Göründüyü kimi, Müsavat Partiyası Mili Şuranın qərarını az qala özlərinə qarşı təxribat səviyyəsində dəyərləndirir. Doğrudan da maraqlı sual ortaya çıxır: əgər hər iki qurum hakimiyyətə qarşı müxalif mövqedə dayanırsa, tədbirin daha effektli alınması üçün niyə birgə deyil, fərdi qaydada mitinq keçirməkdə maraqlıdırlar?
Müsavat Partiyasının başqan müavini Səxavət Soltanlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,
ayrı-ayrılıqda mitinq keçirmək hər partiyanın hüququdur. Bir-birinə mane olmadan hər iki mitinqi daha kütləvi keçirmək olar: “Bütövlükdə, qarşısına hakimiyyəti dəyişmək məqsədi qoyan qüvvələrin və şəxslərin səmimiyyət donu geyinərək Müsavat Partiyasının 10 gün əvvəl aprelin 7-si üçün müraciət etdiyi yürüş-mitinqin əleyhinə başlatdıqları əks-təbliğat utancvericidir.
Necə yəni, “Həm bazar günü, həm də yürüş-mitinqə icazə verilmə ehtimalı yoxdur”?
Niyə yoxdur? Harda yazılıb ki, “şənbə günü mitinq olar, bazar günü yox”? Harda yazılıb ki, bu ölkədə yalnız mitinq ola bilər, o da yalnız “Məhsul” stadionunda?
Bütövlükdə, hakimiyyət dəyişməkdən danışanlar necə olur ki, bir qeyri-qanuni proseduru dəyişməyi mümkünsüz hesab edirlər?”
Əlaqə saxladığımız Milli Şura rəhbərliyində təmsil olunan şəxslər bu məsələ ilə bağlı şərh vermək istəmədiklərini bildirdilər. Ancaq sosial şəbəkələrdə gedən polemikalardan bəlli olur ki, Milli Şura mitinq məsələsində Müsavatı qabaqlayıb, ondan ayrı mitinq keçirməklə özünün əsl real müxalif güc olduğunu sübut etmək istəyir. Müzakirələrdə qeyd edilir ki, onsuz da Müsavatın mitinqi zəif olacaq, onda niyə Milli Şuranın əziyyətindən onlar dividend qazanmalıdırlar? Bu amilin özü bir daha sübut edir ki, radikal müxalif cameədə hələ ki, hakimiyyətdən daha çox öz aralarında mübarizə gedir. Hər iki mitinqə icazə verilib-verilməyəcəyi bəlli deyil. İstənilən halda, yaranmış vəziyyət müxalifətdəki dərin fikir ayrılığı və çatların olmasından xəbər verir.
Məhəmmədəli QƏRİBLİ