Bakının Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkən sahibkarlarla növbəti görüş keçirilib.
Nizami rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Firudin Cabbarov “Trend”-ə bildirib ki, görüşdə Prezident Administrasiyasının Ərazi idarəetmə - təşkilati məsələlər şöbəsinin müdir müavini Hüseyn Mövsümov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və digər rəsmi şəxslər iştirak edib.
Onun sözlərinə görə, görüşdə qeyd olunub ki, yanğın hadisəsi ilə əlaqədar Prezident İlham Əliyev tapşırıq verib: "Prezidentin tapşırığı ilə hər bir vətəndaşa dəyən ziyana görə dövlət yardımı ödəniləcək. Bunun üçün müvafiq komissiya yaradılacaq və icarədarlara dəyən ziyan obyektiv, ədalətli şəkildə hesablanacaq. Yaradılmış komissiyaya zərərçəkən sahibkarlar da daxil olacaq".
F.Cabbarov bildirib ki, yaxın günlərdə komissiya tərəfindən yanğın hadisəsinin baş verdiyi ticarət mərkəzinə baxış keçiriləcək.
Xatırladaq ki, martın 26-sı səhər saatlarında Bakının Nizami rayonundakı "Diqlas" ticarət mərkəzində yanğın baş verib. Ticarət mərkəzi ilə yanaşı, ətrafdakı bitişik tikililər də yanıb.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 100-dən çox şəxsi heyəti, 20-dən artıq texnika, o cümlədən 3 helikopter cəlb edilib.
Qeyd edək ki, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev ticarət mərkəzinin yanması nəticəsində 420 vətəndaşa ziyan dəydiyini açıqlayıb. Onun sözlərinə görə, komissiyanın yaradılması ən geci sabah başa çata bilər. Qiymətləndirmə başa çatdıqdan sonra müvafiq vəsait ayrılacaq. Həmin vəsait də sahibkarların bank hesablarına köçürüləcək.
İldırım Mehdiyev onu da deyib ki, sahibkarlar dəymiş ziyanı dəqiq açıqlasalar, yaxşı olar və bütün hallarda proses nəzarətdə olacaq.
Baki-xeber.com