Vüqar Rəhimzadə: “Bunun həm sosial, həm də mənəvi baxımdan əhəmiyyəti böyükdür”
Prezident İlham Əliyevin apardığı geniş sosial siyasət tədbirləri bu ilin əvvələndən də davam etdirilməkdədir. Belə ki, görülən işlər çərçivəsində böyük sosial paketə aid olan bütün müavinət növlərinin məbləği artırılıb.
Elə müavinət növləri var ki, onlar gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi və vətəndaş kimi formalaşması ilə birbaşa bağlıdır. Yəni bu növ müavinətlər şərti olaraq qruplaşdırılsa, minimum əməkhaqqının və minimum pensiyaların artırılmasından fərqlənir. Məsələn, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı döyüşlərdə şəhid olanların ailə üzvləri, fiziki sağlamlığını itirmiş vətəndaşlar, həmçinin, Böyük Vətən Müharibəsi əlilləri, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslər, 20 Yanvar və Çernobıl əlillərinin müavinətləri, onlara buna görə verilən pensiyalar artırılıb. Dövlətin sözügedən təbəqəyə göstərdiyi diqqətin davamı olaraq ölkə başçısının 25 fevral 2019-cu il tarixdə imzaladığı sərəncama əsasən, müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təyin olunub. Sərəncama uyğun olaraq, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət (55 manat) əvəzinə, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə (11 manat) əvəzinə Prezidentin 80 manat məbləğində aylıq təqaüdü veriləcək. Bu da 80 min nəfərdən ibarət müharibə veteranlarına dövlət dəstəyinin əhəmiyyətli şəkildə artırıldığından xəbər verir. Bu onların sosial vəziyyətini yaxşılaşdırmaqla yanaşı, gənc nəsildə hərbi-vətənpərvərlik hisslərinin daha da inkişaf etməsinə öz müsbət təsirini göstərəcək. Yəni sözügedən qərar təkcə sosial əhəmiyyət kəsb etmir. Bu qərarın həm də hərbi-vətənpərvərlik baxımından böyük əhəmiyyəti var.
Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, sözügedən qərar gənc nəslin hərbi-vətənpərvərlik hisslərinin daha da güclənməsinə öz müsbət təsirini göstərəcək: “Ona görə də ölkə başçısının məlum qərarı mütərəqqi əhəmiyyət kəsb edir. Sosial qərar olsa da, hərbi-vətənpərvərlik baxımından bunun əhəmiyyəti böyükdür. Bu, ordu quruculuğuna ümumən müsbət təsir göstərəcək. Əsgərlərə, zabitlərə, ümumiyyətlə, orduda xidmət edən hər bir kəsə dövlətin göstərdiyi qayğı, bununla bağlı ortada olan imtiyazlar göz önündədir. Milli qəhrəmanlara, şəhid ailələrinə, müharibə əlillərinə göstərilən yüksək diqqət göz önündədir. Bunun həm sosial, həm də mənəvi baxımdan əhəmiyyəti böyükdür. Ən başlıcası, bu sahədə görülən işlər gənc nəslin vətənpərvərlik hisslərinin daha da inkişafına xidmət edəcək. Gənc nəslin yaxşı mənada tərbiyə olunmasında, onların Vətənə, dövlətə bağlı olmasında mühüm rol oynayacaq. Xüsusən də gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasında mühüm töhfələr verəcək. Bir sözlə, gənc nəslə bu kifayət qədər örnək olacaq. Bu, dövlətin, cənab Prezident İlham Əliyevin sözügedən sahəyə xüsusi diqqətinin məntiqi nəticəsidir”.
Cəmilə QARAYEVA