Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində proseslərin hansı istiqamətdə cərəyan edəcəyi Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla martın 29-da Vyanada baş tutacaq görüşündən sonra daha dəqiq şəkildə bəlli olacaq. Qeyd edək ki, bu, Azərbaycan və Ermənistan rəhbərləri arasında Minsk Qrupu həmsədrlərinin də iştirakı ilə baş tutacaq ilk rəsmi danışıqlar olacaq.
Rəsmi Bakı artıq bu formatda danışıqlarda konkret nəticəyə hesablanmış addımların atılmasını istəyir. Xatırladaq ki, görüşdən əvvəl Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə Prezident İlham Əliyev növbəti dəfə bu xüsusda ölkəmizin konkret mövqeyini diqqətə çatdırıb: "Münaqişənin həllinə gəldikdə, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim tarixi diyarımızdır və münaqişənin tezliklə həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında olmalıdır". Digər tərəfdən, tərəflərin ilk rəsmi görüşü ərəfəsində Minsk Qrupu həmsədrlərinin son bəyanatı da onu deməyə əsas verir ki, prosesdə Bakının mövqeyi vasitəçilər tərəfindən də tam dəstəklənir. Xüsusən də mövcud danışıqlar formatının saxlanması baxımından. Hesab olunur ki, bu, Ermənistana birmənalı şəkildə verilmiş ciddi siqnaldır, eyni zamanda onu göstərir ki, Azərbaycanın mövqeyi daha da böyük dəstək qazanır.
Əslində, Azərbaycanın mövqeyinə verilən dəstək Ermənistanda da tam etiraf olunur. Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamaları da bunu aydın surətdə təsdiq edir. Bu xüsusda o bildirir: “Dağlıq Qarabağın statusu ilə bağlı müxtəlif yanaşmalar var və Azərbaycan prezidenti İlham Əliyevlə, həmsədrlərlə, eləcə də digər beynəlxalq tərəfdaşlarımızla apardığım müzakirələrdə bu məsələyə aydınlıq gətirilməsinə ehtiyac yarandı. Biz nizamlanmaya dair öz şərhimizi təqdim edə bilərik, amma məsələ bəyanatların mübadiləsində deyil. Bu məsələ ilə bağlı ən fərqli şərhlər var və onların bəziləri ictimailəşdirilib, bəziləri isə ictimaiyyətə qapalıdır. Adlarını çəkə bilmədiyim bəzi beynəlxalq tərəfdaşlarımız hesab edirlər ki, Dağlıq Qarabağ Ermənistan Respublikasının tərkibində ola bilməz. Kimin haqlı, kiminsə haqsız olduğunu anlamaq istəyirəm”. Qondarma qurumun danışıqlar prosesində tərəf kimi iştirakının vacib olduğuna dair əvvəlki destrukriv mövqeyinə də toxunan Paşinyan vurğulayıb ki, rəsmi İrəvan tərəfdaşları ilə “fakta əsaslanan” müzakirələri davam etdirəcək və hətta nizamlamaya dair mövqeyini dəyişə bilər.
Bütün bunlar fonunda hesab edilir ki, əslində, Vyana görüşündə Paşinyan məsələyə destrukriv yanaşmasını dəyişməli olacaq. Çünki bu xüsusda ona, Azərbaycanla yanaşı, beynəlxalq ictimaiyyətin də sərt təzyiqləri var. Bu da öz növbəsində onu göstərir ki, Vyana görüşündə Paşinyanın mövqe dəyişikliyinə getməsi qaçılmaz olacaq. Əks təqdirdə Ermənistanı kifayət qədər ciddi problem və çətinliklər gözləyir. Bunu erməni politoloq Narek Samsonyan da etiraf edir və bildirir ki, Azərbaycan Qarabağ məsələsində istədiyi hədəfə sürətlə yaxınlaşır: “Paşinyanın Qarabağ danışıqlarında format konsepsiyası iflasa uğradı. Əksinə, görünən budur ki, konfliktin həlli istiqamətində “Madrid prinsipləri” yenidən gündəmə gətirilir. Yaxşı, hesab edək ki, “Madrid prinsipləri”ndə mövcud olan bütün maddələrlə razılaşırıq və azərbaycanlı qaçqınlar öz köhnə yaşayış yerlərinə qayıdırlar. Referendum zamanı nə edəcəyik? Bu hələlik ən vacib sualdır. Belə ki, məsələn, Şuşa, Laçın rayonlarında əhalinin 95%-ni azərbaycanlılar təşkil edib, xüsusilə də Şuşa ən çox əhali sayı olan rayonlardan biridir. Digər vacib bir məsələ isə, Kəlbəcəri, yaxud Ağdamı qaytarırıqsa, necə bir vəziyyətin yaranacağıdır. Bunlar həyata keçdiyi halda, çətin ki, Qarabağ bundan sonra erməni ərazisi olaraq qalsın. Bu faktların birləşməsi məntiqi baxımdan onu göstərir ki, hətta Ermənistandakı indiki “boşboğaz” hakimiyyət olmasa, yenə də Qarabağ məsələsinin indiki mərhələdə danışıqlar yolu ilə həlli olmayacaqdı. Güc strukturları isə hər gün, hər an, hər dəqiqə hazır olmalıdırlar. Həm də bütün bunların dərk edilməsi məni min dəfə əmin olmağa məcbur edir ki, Nikol Paşinyan hökuməti Ermənistanın baş ağrısı olaraq öz ordusundan qaçan üzvləri qədər təcrübəsidir. Bunlar isə mütləq Vyana görüşündən sonra öz nəticələrini göstərəcək”.
Qeyd edək ki, daha öncə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryan “Sputnik Armenia” radiosunun efirində çıxış edərkən Vyana görüşünün İrəvan üçün çox ağır keçəcəyini bildirib. Onun sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişəndən sonra danışıqlar prosesi ciddi narahatlıqlar doğurmağa başladı: “Ermənistan rəhbərliyi, indiki halda baş nazir və xarici işlər naziri danışıqlarda Azərbaycana uduzur. Ermənistan artıq böyük güzəştlərə gedib, Azərbaycan diplomatiyası isə son 11 ay ərzində ciddi uğurlar əldə edib - 1996-cı il ATƏT-in Lissabon sammitindən bu yana ilk dəfə”. Ermənistan xüsusi xidmət orqanlarının eks-rəhbəri hesab edir ki, Azərbaycan təmas xəttində insidentlərin araşdırılması mexanizmi barədə neçə ildir həmsədrlərin gündəmə gətirdiyi məsələni də gündəmdən çıxara bilib. Onun sözlərinə görə, 2016-cı ildə Sankt-Peterburqda və Vyanada belə mexanizmin yaradılmasına dair razılaşma əldə edilmişdi. Şahnazaryanın fikrincə, Azərbaycan buna Ermənistanın “səyləri” sayəsində nail olub. O qeyd edib ki, baş nazir və XİN rəhbəri daim ziddiyətli bəyanatlarla çıxış edir. Ona görə də belə vəziyyət yaranıb ki, Ermənistan hökumətinin rəhbəri Azərbaycan prezidenti ilə danışıqlarda uduzmuş mövqedən çıxış edir: “Konsepsiya yoxdur. Keçmiş hakimiyyət “ərazilər əvəzinə status” formulu barədə dəqiq mövqe bildirirdi”. Şahnazaryana görə, bütün danışıqlar prosesi boyu həmsədrlər və Ermənistan bir tərəfdə, Azərbaycan o biri tərəfdə idi. Azərbaycanın mövqeyindən Türkiyə çıxış edib həmişə formatın dəyişdirilməsi məsələsini qaldırırdı. İndi isə əksinədir: “Mən başa düşmürəm, Paşinyan dövlətin və hökumətin rəhbəri olaraq konkret gündəmi olmadan danışıqlara necə gedir?” Xatırladaq ki, 2018-ci ildə keçirilmiş növbədənkənar parlament seçkiləri zamanı Şahnazaryan Paşinyanı “torpaqları qaytarmaq üçün gizli plan qurmaqda” ittiham edirdi. Həmin ittihamlarına görə hətta onu Milli Təhlükəsizlik Xidmətinə ifadə verməyə çağırdılar. İndi də Şahnazaryan bildirir ki, Bakı diplomatik sahədə mühüm üstünlüklər əldə edir və Vyana görüşü də bu sıradan olacaq.
Elə sabiq dövlət müşaviri Qabil Hüseynli də eyni fikirdədir. Politoloq bildirib ki, görüşün təşkil edilməsində Avropa İtifaqı, Avropa Şurası və ATƏT-in Minsk Qrupunun səylərini qiymətləndirmək lazımdır: “Çünki Paşinyanın danışıqların formatını dəyişdirməklə bağlı sayıqlamaları məhz Bakının siyasəti və onların sayəsində gündəmdən çıxarıldı. Buna baxmayaraq, Paşinyan görüş ərəfəsində sayıqlamalarını davam etdirir. Onun əsas fikri, hələ ki, İlham Əliyevlə danışıqların formatını bir daha müzakirə etmək və bundan sonra danışıqların mahiyyəti üzrə davam etdirilməsinə keçməkdir. Ancaq Azərbaycan prezidenti qəti şəkildə bildirib ki, danışıqlar mövcud formatda da davam etdiriləcək. Bu fonda Vyana görüşü baş tutacaq və Paşinyan reallıqdan qaça bilməyəcək”. Aydındır ki, əks təqdirdə bunun alternativi savaşdır və bu savaşda Ermənistanın çox ağır məğlubiyyətlər alacağı da qaçılmazdır. Bu səbəbdən hesab edilir ki, Vyana danışıqlarında Ermənistanın münaqişənin həllinə xidmət edən addımlar atması İrəvanın özünün gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Elə ABŞ-da nəşr olunan məhşur “Vaşinqton Post” qəzeti də yazır ki, İrəvan sülh üçün yaranan fürsəti qaçırmamalıdır: “Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması fürsəti yaranıb. Uzun illərdir davam edən nəticəsiz danışıqlardan sonra həllə yol aça biləcək dəyişikliklər diqqət çəkir“. Yazıda bir il əvvəl Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində müsbət irəliləyişə yol aça biləcəyinə toxunulub: “Bölgədə baş verən müsbət dəyişikliklər münaqişənin həlli ehtimalını artırır. Son zamanlarda cəbhə xəttində atəşkəs rejiminin pozulması hallarının azalması da bundan xəbər verir. Üstəgəl, tərəflərin bir-birinə qarşı azalan təhdidedici bəyanatları və münaqişənin həlli prosesinə dəyişən baxışları da müharibə ehtimalını zəiflədən, sülh sazişinin imzalanması ehtimalını yüksəldən faktorlar arasındadır. Görülən işlər, tərəflərin müzakirələri davam etdirmək istəyi də bura daxildir”.
Məqalədə qeyd edilib ki, münaqişə tərəflərinin qısamüddətli anlaşmalar yerinə həll prosesinin sürətləndirilməsinə yönəlik işbirliyi qurmaq səyləri məsələnin dinc yolla həllinə kömək edəcək: “Digər yandan, münaqişənin həllinə təkan verə biləcək vasitəçilərin də prosesə cəlb edilməsi Ermənistan və Azərbaycan arasında düşmənçiliyi azalda bilər”. Ermənistanın “Past” qəzetinin məlumatına görə isə, əslində, Qarabağ məsələsində ABŞ-ın da İrəvana təzyiqləri artır və Vaşinqton daha açıq şəkildə Bakının mövqeyini müdafiə edir. O da vurğulanır ki, Rusiyanın da Paşinyan hökumətinə münasibəti bəllidir və belə vəziyyətdə Ermənistan Qarabağ münaqişəsinə görə daha çox beynəlxalq təzyiqlərlə üzləşir. Aydındır ki, getdikcə daha da zəifləyən Ermənistanın bütün bunlara müqavimət göstərmək imkanları da yoxdur. Məhz bu vəziyyətdə Paşinyanın Vyana görüşündə Azərbaycanın şərtləri ilə razılaşmağa məcbur olacağı ehtimal edilir. Əks təqdirdə, yuxarıda qeyd olunduğu kimi, Bakı İrəvanı konstruktiv mövqeyə güc yolu ilə vida etməli olacaq. Bunun nəticələrinin Ermənistan üçün əsl fəlakət olacağına dair isə indiyə kimi kifayət qədər xəbərdarlıqlar edilib.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.