Ermənistanda növbədənkənar parlament seçkiləri fonunda aparılan təbliğat və təşviqat kampaniyasında diqqət mərkəzində saxlanan əsas mövzulardan biri də Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın açıqlamalarından yenə məlum olan odur ki, o, danışıqlar prosesinin ruhuna xələl gətirən destruktiv mövqeyindən geri çəkilmək niyyətində deyil.
Elə müxalif qüvvələrin mövqeyində də bu məqam aydın hiss olunur. Ekspertlər isə diqqəti ona yönəldir ki, parlament seçkilərindən sonra da ermənilərin mövqeyində dəyişiklik olmasa, konfliktin hərb müstəvisində çözümü qaçılmaz olacaq. Bu zaman ermənilərin çox böyük problemlərlə üzləşəcəyini isə düşmən ölkənin özündə də açıq etiraf edirlər.
Digər tərəfdən, elə beynəlxalq təşkilatların bu xüsusda İrəvana yönəlik xəbərdarlıqları artır. Məsələn, “Global Firepower” araşdırma şirkəti 2018-ci ildə dünyanın ən nəhəng ordularının siyahısını yayımlayıb. 136 ölkənin yer aldığı siyahının müəyyən edilməsində coğrafi faktorlar, logistika imkanları və NATO müttəfiqliyi də daxil olmaqla 55 faktor əsas götürülüb. Azərbaycan siyahıda 53-cü yerdə qərarlaşıb. Torpaqlarını işğal edən Ermənistan 84, Cənubi Qafqazın digər ölkəsi Gürcüstan isə 82-ci yerdədir. Azərbaycanın düşmən ölkədən bu qədər irəlidə olması Ermənistan üçün kifayət qədər aydın xəbərdarlıq sayılır. Elə ermənilər özləri də Azərbaycan ordusunun gücünün nəzərə alınmasının vacibliini gizlətmir. Məsələn, erməni deputat Armen Aşotyan bildirir ki, müharibə onlar üçün yeni böyük məğlubiyyətlər deməkdir: “Bu səbəbdən məsələni hərbə sürükləyən Nikol Paşinyanı Qarabağ və onun problemlərindən kilometrlərlə aralı tutmaq lazımdır. Bu hakimiyyət Ermənistanın maraqlarını müdafiə etmək qabiliyyətində deyil. Paşinyanın Qarabağ və ordu haqqında danışmağa heç bir mənəvi haqqı yoxdur. Müharibə vəziyyəti yaransa və ordumuzun başında Nikol Paşinyan dayansa, o zaman vay bizim halımıza”.
Ermənistanın sabiq müdafiə naziri, qarşıdakı parlament seçkilərində Respublika Partiyasının siyahısına başçılıq edən Vigen Sarkisyan isə Nikol Paşinyanı və onun tərəfdarlarını Qarabağ mövzusunda fikir bildirərkən son dərəcə ehtiyatlı olmağa çağırıb: "Mən hamını bir an dayanmağa və hazırda seçkiqabağı mübarizə getdiyini unutmağa çağırıram. Seçki tezliklə qurtaracaq və biz rəqibimizlə, çox yaxşı silahlanmış ordu ilə üz-üzə qalacağıq. Cavab verməyə hazır olmaq lazımdır. Amma indiki hakimiyyətlə bunu etmək mümkün deyil". Ermənistanın hüquq müdafiəçisi Vardan Arutyunyan isə qeyd edir ki, Azərbaycan ordusu davamlı olaraq gücləndiyi halda erməni silahlı qüvvələrində tamam fərqli vəziyyət hökm sürür: ”Ermənistandakı həbsxanalarla silahlı qüvvələr arasında çoxlu oxşarlıqlar var. Hər iki sahə çox gəlirli biznesə çevrilib. 1990-cı ildə ordu cinayətkar düşüncələr və ünsürlər əsasında formalaşıb. Həmin dövrdə orduya çoxlu sayda cinayətkar ünsürlər cəlb olunub. Hazırda ordu məhz həmin cinayətkar ünsürlərin düşüncələri və “oğru qanunları” əsasında idarə olunur”. Hüquq müdafiəçisinin fikirlərini müdafiə edən mətbuat yazır ki, Ermənistanda ordu çox gəlirli biznesə çevrilib: ”İnsanı soruşmadan orduya çağırırlar və o, dərhal Dağlıq Qarabağa göndərilir. Sonra da onun Dağlıq Qarabağa “könüllü” getdiyi bildirilir. Hərbi komandanlıq hesab edir ki, əsgəri söymək, təhqir etmək, ac saxlamaq lazımdır. Belə olan halda əsgərin ailəsi onu ərzaq, paltar və digər lazımi əşyalarla təmin edəcək. Komandirlər sonra da bunun “həyat məktəbi” olduğunu iddia edirlər. Həbsxanalarda da yataq yeri və digər gündəlik tələbat malları pulla satılır. Burada da insanın söz demək, tələb etmək hüququ yoxdur. Əgər bu böyük biznesdirsə, deməli, kimlərsə bundan yaxşı qazanc əldə edir. Belə qüvvələrlə isə Azərbaycan ordusunun qabağını almaq, çətin ki, mümkün olsun”.
Media diqqəti ona yönəldir ki, Ermənistanın hərbi hissələrində intihar adı qoyularaq öldürülən 10-a yaxın əsgərin yaxınları artıq neçə gündür hökumət binası qarşısında oturaq aksiya keçirir. Çıxılmaz vəziyyətdə olduqlarını deyən etirazçılar əsgərlərin ölümü ilə bağlı şikayət etdikləri bütün qurumlardan rədd cavabı aldıqlarını bildirir. İstintaqın gedişindən narazı qalan öldürülən Qevork Haroyanın dayısı Armen Beqlaryanın sözlərinə görə, əsgəri zabit qətlə yetirib: ”Hərbi hissədə qatilin kim olduğunu çox yaxşı bilir, lakin tədbir görmürlər. Nikol Paşinyanla görüşlərin də nəticə verməməməsi bizi kədərləndirir”. Ermənistan ordusunda xaosun hökm sürdüyünü bildirən aksiya iştirakçıları qeyd edirlər ki, zorakılıqla bağlı xeyli faktın olmasına baxmayaraq, bunun qarşısı alınmır. Bu isə ordudan yayınma hallarını artırır. Erməni mediası yazır ki, belə bir vəziyyətdə Azərbaycan ordusunun yeni silahlar əldə etməsi Ermənistanın Qarabağ məsələsində mövqelərini daha da ağırlaşdırır. Xüsusən də Fransanın “MBDA Systems” şirkətinin Azərbaycana ASTER 30 SAMP/T və VL “Mica” hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün danışıqları yekunlaşdırmaq üzrə olmasına dair yayılan xəbərlər düşmənin narahatlığını xeyli yüksəldib. Bildirilir ki, Fransa dövləti bu müdafiə sistemlərinin Azərbaycana satılmasına icazə verib. ”Joxovurd” qəzeti yazır ki, bu hal Ermənistanın Avropa istiqamətində Azərbaycana növbəti məğlubiyyəti də sayıla bilər. Ən azından ona görə ki, Rusiyanın ardınca Fransa da İrəvanın Qarabağ məsələsində həssaslığıını heçə sayaraq Azərbaycana silah satır, onun mövqeyini gücləndirir. Digər tərəfdən, baş verənlər ermənilərin də mövqeyinə görə Azərbaycanın ciddi diplomatik-hərbi nailiyyəti hesab edilə bilər. Çünki ilk dəfədir ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Qərb ölkəsi, eyni zamanda Minsk Qrupuna həmsədrlik edən Avropa nəhəngi Fransa Azərbaycana, müdafiə təyinatlı olsa da, müasir silah sistemlərinin satılmasına razılıq verir.
Belə demək olar ki, Azərbaycan artıq inkişaf etmiş Qərb dövlətlərindən silah sistemlərinin alınmasında on illərdir davam edən embarqonu ləğv edə bilib. Bunun ilk əlaməti Çexiyadan RM-70 “Vampir” reaktiv yaylım atəşi sistemlərinin və “DANA” yüksəkdəqiqlikli, özüyeriyən artilleriya qurğularının alınması idi.
Bu silah tədarükü Ermənistan rəhbərliyində böyük ajiotaja səbəb oldu. Amma daha sonra o da üzə çıxdı ki, İtaliyanın iri hərbi-sənaye nəhəngi “Leonardo” şirkəti də Azərbaycana müxtəlif təyinatlı hərbi texnika, o cümlədən aviasiya vasitələri satmağa başlayıb. İndi isə erməni lobbisinin güclü olduğu Fransa Azərbaycana müasir hava hücumundan müdafiə sistemlərinin satılmasına icazə verir. Fransanın ölkəmizə satmağa hazırlaşdığı SAMP-T zenit-raket kompleksi qoşunların və yürüşdə olan mexanikləşdirilmiş birləşmələrin, böyük əhəmiyyətə malik olan stasionar obyektlərin geniş spektrdə hava hədəflərinin kütləvi aviasiya hücumunun qarşısını almaq üçündür.
Bura taktiki qanadlı raketlərdən tutmuş, bütün tiplərdə təyyarə və vertolyotlar, müxtəlif pilotsuz uçan aparatlar daxildir. SAMP-T onları sutkanın istənilən vaxtında, istənilən hava şəraitində aşkar edib vura bilir. Özü də düşmən tərəfinin müxtəlif tipli siqnalpozucu vasitələrdən istifadə etdiyi şəraitdə də bu mümkündür.
SAMP-T 360 dərəcə bucaq altında dairəvi atəş aça bilir, modul konstruksiyaya və yüksək manevrli raketlərə malikdir. Bu raketlər istənilən hava hədəflərini məhv edə bilər. Hazırda həmin sistemlər Fransa və İtaliyanın silahlanmasında yer alır. NATO-nun Avropada vahid havadan müdafiə sisteminin mühüm komponentini təşkil edir. SAMP-T kompleksi yüksək atış sürətinə malikdir, bu qurğudan 8 “Aster-30” raketi cəmi 10 saniyə ərzində buraxılır. Bu zaman kompleks cəmi 2 nəfərlik heyət üzvü ilə idarə olunsa da 10 hava hədəfini eyni anda təqib edə bilir.
Kompleksi işləyib hazırlayanlar qeyd edirlər ki, SAMP-T radarlara yaxalanma ehtimalı aşağı olan geniş diapazonda hava hədəflərinə qarşı yüksək effektivliyə malikdir. Kompleksin hava hədəflərini vurma məsafəsi təyyarələr üçün 3-100 kilometr, ballistik raketlər üçün isə 3-35 kilometr təşkil edir. Hədəfi maksimal vurma hündürlüyü 25 kilometrdir. Kompleks taktiki və ballistik raketləri 600 kilometrə qədər məsafədən aşkar edib izləyir. Onu da bildirək ki, SAMP-T zenit-raket kompleksləri taktiki-texniki gösəricilərinə görə Rusiyanın S-400 zenit-raket komplekslərinə yaxındır. Bu komplekslər arasında əsas fərq raketlərin uçuş radiusudur ki, coğrafi şərait nəzərə alınarsa, indiki halda S-400 komplekslərinin 400 kilometr mənzilli raketləri Azərbaycana gərək deyil. Çünki Azərbaycan ordusunun qarşısında dayanan vəzifə işğal olunmuş əraziləri geri almaqdır və bu zaman mümkün hərbi əməliyyatlar zonasının coğrafi hüdudları elə də böyük deyil.
Qeyd edək ki, Azərbaycan son illər geniş spektrdə hücum təyinatlı silah sistemlərinin tədarükü ilə yanaşı, müdafiə təyinatlı sistemlər - hava hücumundan müdafiə sistemləri ilə silahlanmanı da xeyli sürətləndirib. Azərbaycan hazırda postsovet regionunda, Rusiya istisna olmaqla, ən güclü havadan müdafiə sistemi formalaşdırmış ölkədir. Araşdırmalar göstərir ki, Azərbaycan hava hücumuna qarşı eşelonlaşdırılmış güclü müdafiə sistemi qurub və bu sistem praktiki olaraq istənilən hava hədəfini dəf edə bilər. Bütün bunlar isə Ermənistandan gələn bütün hava hücumlarını effektiv şəkildə dəf etməyə imkan verir. Digər tərəfdən, Azərbaycan ordusunun silahlanmasında yer alan texnikalar ordumuzun düşməni çox asanlıqla əzməsinə tam şərait yaradır. Məhz bu səbəbdən Qarabağ münaqişəsinin hərbi müstəviyə keçmə ehtimalı düşməni getdikcə daha çox qorxudur. Hər halda, işğalçı ölkədə tezliklə baş tutacaq parlament seçkilərindən sonra İrəvanın yürüdəcəyi Qarabağ siyasətindən asılı olaraq konfliktin sülh, yoxsa hərb müstəvisində çözüləcəyi bəlli olacaq. İstənilən variantda isə Ermənistanın Azərbaycanın iradəsini qəbul etməsi qaçılmaz sayılır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.