Memar Sinan türkə şərəf verən, cahana isə yüzlərlə mədəniyyət əsəri bağışlayan bir sənətkar-elm adamı olaraq tarixə keçən böyük Osmanlı memarıdır. Qoca Sinan deyə də yad edilir. O, 1489-cu ildə Kayserinin Ağırnas kəndində anadan olub.
Yavuz Sultan Səlim xan zamanında hərbi təhsil almaq üçün İstanbula gedib. Burada yaxşı bir təhsil aldıqdan sonra gənc oğlanlar kazarmasına verilib. Gənclər ocağına yeni çağırılanlar, çox ciddi bir əsgərlik təhsili ilə yanaşı, böyük insanlar yanında və gəmilərdə əlavə xidmət göstərərdilər. Beləcə bu gənclər, əsgərlik xidməti ilə yanaşı, bir də bir məslək öyrənərdilər. Memar Sinan da burada dülgərlik sənətini öyrənib.
Uzun illər sonra 1533-cü ildə Qanuni Sultan Süleyman İran səfərində ordusu ilə Van gölünə gəldikdə Vəzir Lütfü paşa qarşı sahilə keçmək və düşməni nəzarət altına almaq istədi. Bu məqsədlə Sinanın iki həftə kimi qısa bir zamanda üç ədəd gəmi düzəldib hazırlamasından çox razı qalan Lütfü paşa gəmilərin idarəsini ona tapşırdı. Böyük etibar qazanan Sinana İran səfərindən döndükdən sonra yeniçəri ocağında etibarı yüksək olan Hasekilik rütbəsi verildi. Bu rütbə ilə Memar Sinan 1537-ci ildə Korfu, Pulya və 1538-ci ildə Qara Boqdan səfərlərinə qatıldı.
Boqdan səfəri Memar Sinanın son səfəri oldu. Ordu Prut çayının sahilinə gəldikdə ordunun bu çayı keçməsi üçün bir körpünün tikilməsi lazım gəldi. Orada torpaq sürüşkən olduğuna görə bu işi heç kəs öz üzərinə götürmədi. Yenə Lütfü paşanın təklifi ilə bu iş Sinana tapşırıldı. Sinan ordudakı bütün memar və nəccarları toplayaraq on üç gün ərzində körpünü tikib ordunun qarşı tərəfə keçməsini təmin etdi. Bu hadisədən bir müddət sonra Hassa Baş memarı Acem Əli və Vəziri-əzəm Ayaz paşa vəfat etdi. Ayaz paşanın türbəsini tikmək üçün yeni bir Baş memar təyin edilməsi lazım idi. Lütfü paşa bu dəfə də Sultanın yanına gedib bu iş üçün ən uyğun olan adamın Sinan olduğunu söylədi. Beləcə, 1538-ci ildə Sinan Hassa Baş memarı vəzifəsinə təyin edildi.
Olduğu hər səfərdə gördüyü bina və xarabalıqlardan dərs alan Memar Sinan Qərbin və Şərqin memarlıq tərzini tədqiq imkanı əldə edib. Bu iki üslubu birləşdirərək orijinal əsərlər yaradan Memar Sinanın Hassa rəhbərliyinə gətirilmədən əvvəl ortaya qoyduğu üç əsər çox diqqət çəkicidir. Bunlar Hələbdə tikilən Xosroviyyə qülləsi, Qəbzədə tikilən Çoban Mustafa qülləsi və İstanbulda Hürrəm Sultan üçün tikilən tək qübbəli bir camidir. Bu qeyd etdiklərimizin ətrafında həyət, mədrəsə, hamam, imarət və qonaq evi kimi tikililər çox ahəngdar bir tərzdə yerləşdirilib.
Memar Sinanın Hassa başqanlığına gətirildikdən sonra yaratdığı üç böyük əsər onun sənətinin qeyri-adi inkişafını göstərən və onu yüksəklərə qaldıran pillələrdir. Bunların ilki İstanbul Şahzadəbaşı camisi və ətrafıdır. Dörd yarım qübbənin ortasında mərkəzi bir qübbə tərzində inşa edilən Şahzadəbaşı camisi daha sonra tikilən bütün camilərə tarixi bir nümunə olub.
Süleymaniyyə camisi Memar Sinanın İstanbuldakı ən möhtəşəm əsəridir. Öz sözü ilə desək, rütbəli dönəmində tikilib. Süleymaniyyə camisi Memar Sinan yaradıcılığının zirvəsini təşkil edir. Memar Sinan uzun illər ərzində qazandığı bilik və təcrübələri bu möhtəşəm sənət əsərində uğurla həyata keçirib. Maraqlıdır ki, Süleymaniyyə camisinin tikilişinə başladığı zaman Sinanın yaşı 60-ı keçmişdi.
Bu caminin tikintisi zamanı Memar Sinan elə sənətkarlıq məharəti nümayiş etdirib ki, o dövrün imkanları baxımından bunu ancaq möcüzə adlandırmaq olar. İstanbulun simvoluna çevrilən Süleymaniyyə camisinin ibadət zalı 275 ədəd iri çıraqla işıqlanırdı. Çıraqlardan qalxan tüstü divarları hisləndirməsin və namaz qılanlara əziyyət verməsin deyə, divarların daxilində dəhlizlər yaradılmışdı. Bütün dəhlizlər caminin orta qapısı üzərində inşa edilən kiçik bir otağa açılırdı. Çıraqların hisi-tüstüsü bu otağa gəlir, burada xüsusi nəmləndirmə sistemi vasitəsilə emal edilir və ondan mürəkkəb hazırlanırdı. Süleymaniyyə camisinin daxili divarlarını bəzəyən bütün nəfis yazılar, Müqəddəs Kitabımız Qurani-Kərimin ayələri həmin mürəkkəblə yazılıb.
Caminin daxilində mükəmməl akustika effekti mövcuddur. Deyilənlərə görə, Memar Sinan tikintinin daş işlərini başa çatdırdıqdan sonra caminin içərisinin və günbəzin tikintisini xeyli yubadıb. Hətta caminin müxtəlif guşələrində oturub cavanlarla sulu qəlyan çəkirmiş. Sultan bundan xəbər tutub qəzəbli halda tikinti yerinə gəlir və həqiqətən Sinanın camidə qəlyan çəkdiyini görür. Səbəbini soruşduqda memar izah edir ki, bu yolla caminin akustikasını yoxlayır. Tikintinin hər guşəsində qəlyanın gurultu səsinin əks-sədasını dinləyən memar akustikanı gücləndirmək üçün hansı vasitələrdən istifadə etmək üzərində düşünürmüş.
Bu təcrübələrin nəticəsi olaraq, Memar Sinan günbəzin oturacağına, daşların arasına 65 ədəd nəhəng saxsı küp yerləşdirir. Məhz bu küplərin daxili fəzasının hesabına caminin heyrətamiz akustikası qurulur. Bu gün də mehrab qarşısında Qurani-Kərim oxuyan şəxsin səsi caminin hər bir guşəsində rahatlıqla eşidilir.
Memar Sinanın ən gözəl əsəri səksən yaşında tikdirdiyi və onun "Ustalıq əsərim" - deyə təqdim etdiyi Ədirnədəki Səlimiyyə camisidir. Səlimiyyə camisi o zamankı Osmanlı Sultanı II Səlimin əmrilə Ədirnə şəhərində tikilib. Hündürlüyü 84 metrə çatan 3 eyvanlı minarələrin en kəsiyinin qalınlığı cəmi 3 metr 80 santimetrdir. Buna görə də belə tikilən minarələr səmanın bağrını dələn nazik oxlara bənzəyir. Müsəlmanlar hər zaman Uca Yaradana olan sevgilərilə, Ona ibadət məkanı olan camiləri gözəl bəzəmək uğrunda yarışmış, buna bütün bacarıqlarını sərf etmiş, ibadət ocaqlarını əsl sənət əsərinə çevirmişlər. Ən yaraşıqlı naxışlara, ən incə oymalara, ən gözəl yazı xətlərinə məhz cami divarlarında rast gəlmək olar.
Memar Sinan memarbaşı olduğu müddətcə bir-birindən çox fərqli mövzularla məşğul olurdu. Zaman-zaman köhnələri bərpa edirdi. O bu mövzudakı ən böyük kəşf səylərini Ayasofya üçün sərf edib. 1573-cü ildə Ayasofyanın qübbəsini bərpa edərək ətrafına əlavə divarlar tikdirib və əsərin bugünədək sağlam olaraq qalmasını təmin edib. Köhnə əsərlərlə abidələrin yaxınında tikilən və onların görünüşlərini pozan zövqsüz tikililərin sökülməsi də ona aiddir.
Memar Sinanın mühəndislik qabiliyyəti onun inşa etdirdiyi körpülərdə də parlaq şəkildə üzə çıxıb. Təsadüfi deyil ki, inşasına rəhbərlik etdiyi Böyükçəkməcə körpüsü öz möhtəşəmliyi ilə yüz illər boyu insanları heyrətə salıb. 636 metr uzunluğu olan bu körpü Memar Sinanın adıçəkilən sahədəki şah əsəri hesab edilir.
Memar Sinanın mahir mühəndis olmasını onun körpülərin və su kəmərlərinin inşasında göstərdiyi qeyri-adi istedadı da sübut edir. O, körpü və su kəmərlərinin çəkilməsində, cami və türbələrin inşasında olduğu kimi, o dövrdəki təcrübədən yaradıcı şəkildə istifadə edərək onların əsasında yeni bir memarlıq məktəbinin əsasını qoyub.
O, İstanbul küçələrinin genişliyi, evlərin tikilişi və yeraltı keçidlərin bağlanması ilə ortaya çıxan yanğın təhlükəsinə də diqqət çəkərək bu barədə fərman nəşr etdirib. Memar Sinanın günümüzdə belə bir problem olan İstanbulun səkiləri ilə şəxsən maraqlanması çox əhəmiyyətlidir. Onun bu mövzuya nə qədər əhəmiyyət verməsi İstanbulun səkiləri üçün pul buraxmasından aydın olur.
Eyni zamanda bir çox əsəri plan halına gətirib inşaatlarını yerinə yetirən Memar Sinan bütün inşaatlarının ən kiçik işlərilə belə özü maraqlanıb. Bu dahi insan belə böyük və tarixi işlərilə heç zaman öyünməyib. Bütün bu müvəffəqiyyətlərilə birlikdə islam əxlaqı ilə tərbiyələnən Memar Sinan mütəvazi bir insan idi. Onun möhüründə olan "Əlakır-ül-fakir Mimar Sinan" yazısı bu dediklərimizi isbat edir.
Türk-islam dünyasının yetişdirdiyi bu böyük insan çox sayda tarixi əsərlər ortaya qoyub, inşa etdirdiyi bütün əsərlərində özünə xas izlər buraxıb. Yüz ilə yaxın fəal bir həyat sürən bu dahi şəxsiyyətin əsərlərinin sayını Sai Mustafa Çələbi "Tezkeret-ül-Əbniya" adlı kitabında 84 cami, 52 məscid, 57 mədrəsə, 7 darülkurra, 20 türbə, 17 imarət, 3 xəstəxana, 5 su yolu, 8 körpü, 20 karvansara, 36 saray, 8 anbar və 47 hamam olmaqla, cəmi 364 əsərin siyahısını verib.
Bu tarixi şəxsiyyətin əsərlərinin böyük bir qismi İstanbul şəhərindədir. Onun Osmanlı ölkəsində damğasını vurmadığı heç bir künc belə yoxdur. 1588-ci ildə İstanbulda vəfat edən Memar Sinan Süleymaniyyə camisinin yanında özünün tikdirdiyi mütəvazi bir türbədə dəfn edilib.
Memar Sinanın Baş memarlığa gətirildiyi vaxtda Osmanlı dövləti bir türk-islam dövləti olaraq iqtisadiyyat, ədalət və sosial quruluşları baxımından dünyanın ən güclü dövləti idi. Belə qüdrətli bir dövlətin güclü bir sənətkarı olan Memar Sinan da təxminən əlli illik memarlıq dövründə öz üzərinə düşən vəzifəni qeyri-adi çalışqanlıq, zövq və haqqı ilə yerinə yetirib. Onun memarlıq dahiliyi ilə yanaşı, güclü təşkilatçılığı da var idi. O günlərdə dünyanın heç bir yerində görülməyən dərəcədə memarlıq sənətini inkişaf etdirən Memar Sinan çox sayda intizamlı və qabiliyyətli tələbələr yetişdirib.
Hassa Baş memarlığı Sinandan etibarən dövlətin hər tərəfində memarlıq qeydlərini aparıb. Memar Sinan sarayda memarlığın hər sahəsinə aid inşaat atelyeləri qurdurub. Bu atelyelərin fəaliyyətlərini Sinan şəxsən özü nəzarət altında saxlayıb və onları səviyyəli bir şəkildə idarə etdirib. Bu atelyelərdə Sultanəhməd camisini tikən Sədəfkar Əhməd Ağa və Davud Ağa kimi memarlar yetişib.
Memar Sinan hər memarlıq əsərini özünə xas bir biçimdə ələ almaq, forma və konstruksiya bərabərliyini qurmaq, xarici məkan və quruluşun daxili məkana bütünlük qazanmasını təmin etmək prinsiplərini bundan dörd əsr əvvəl öz əsərlərində göstərib. Buna görə də Memar Sinan əsrlər əvvəl ortaya qoyduğu sənəti ilə bir memarlıq dahisi olaraq
yad edilir və ediləcək.
Ruhu şad olsun.
Fazil QARAOĞLU professor