"Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törədib". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı söyləyib.
İşğal altında olmuş ərazilərdəki 67 məsciddən 65-nin dağıdıldığını, qalanlarının isə donuz və inəklər üçün tövlə kimi istifadə edildiyini xatırladan dövlət başçısı bunu bütün dünya müsəlmanlarına qarşı təhqir adlandırıb.
Prezident həmçinin deyib ki, Azərbaycanın 60 min hektar meşəlik ərazisi məhv edilib, kəsilib və daşınıb, torpaqlarımız və çaylarımız çirkləndirilib və zəhərləndirilib.
Ölkə başçısı Ermənistanın işğalçılığı, milli mədəni irsimizi məhv etməsi faktını bir daha dünyaya bəyan etdi.
"Bu həm də Ermənistanın havadarlarının ifşa olunmasıdır"
"Qarabağa aparan yol" qəzetinin baş redaktoru, AYB üzvü, şair Əli Mahmud bizimlə söhbətində bildirdi ki, Azərbaycan uzun müddətdir Qoşulmama Hərəkatına sədrlik edir və burada dövlətimizin təşəbbüsü ilə dünyanı narahat edən, eyni zamanda etməli olan problemlər səsləndirilib. Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxladığı 27-30 ildə ərazilərimizdə tarixi-mədəni irsimizə divan tutduğunu bütün dünyanın bilməli olduğunu deyən Ə. Mahmud qeyd etdi ki, Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə məhz bu problemi xüsusi vurğulaması Ermənistanın işğalçılıq və vandalizm siyasətinə bir zərbədir. "Azərbaycan Prezidenti hər zaman belə mühüm tədbirlərdə, görüşlərdə çıxışı zamanı Ermənistanın mədəni irs cinayətlərini ifşa edir. Bu mötəbər tədbirdə də Prezidentin çıxışı Ermənistanın mədəni irsimizə qarşı həyata keçirdiyi çoxsaylı cinayətlərin ifşa edilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edir. Gerçəklik budur ki, mədəni irsimiz işğal zamanı ermənilər tərəfindən amansızcasına dağıdılıb, məhv edilib, oğurlanıb. Ermənistanın məqsədi bizim orada minilliklərə mövcud olduğumuzu silmək olub.
Ermənistanın mədəni dini irsimizə qarşı vandalizm aktı mədəni soyqırımıdır, hümanitar hüquqa, beynəlxalq konvensiyalara ziddir.
Prezident də tədbir iştirakçılarının diqqətinə məhz bu amilləri çatdırdı. Hesab edirəm ki, Ermənistanın mədəni irs cinayətlərinin növbəti dəfə ifşa edilməsi uzun illərdir bu terrorçu rejimi dəstəkləyənlərin də ifşa edilməsi deməkdir. Ermənistan 30 il abidələrimizi, dini ocaqlarımızı, məscidlərimizi dağıdarkən öz havadarlarına arxalanıb. Bu həm də Ermənistanın havadarlarının ifşa olunmasıdır. Prezidentin çıxışı Ermənistanın mədəni irsimizə qarşı həyata keçirdiyi çoxsaylı cinayətlərin ifşa edilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edir. Prezidentin Ermənistanın mədəni irs cinayətlərini bir daha gündəmə gətirməsi onu deməyə əsas verir ki, artıq beynəlxalq təşkilatlar bu ölkəyə qarşı ciddi tədbirlər görəcək. Görməlidir də"-deyə Ə.Mahmud vurğuladı.
İradə SARIYEVA