Ermənistanın 1998-2008-ci illərdə xarici işlər naziri olan Suriya ermənisi Vardan Oskanyan Baş nazir Nikol Paşinyanın müharibənin labüd olduğu barədə iddiasına qarşı çıxıb. Deyib ki, müharibənin qarşısını almaq olardı, Paşinyan öz səhvləri ilə müharibəyə səbəb oldu.
Serj Sarkisyan isə 2016-cı ilin Aprel savaşını dayandırmaq və dəhşətli məğlubiyyətdən yaxa qurtarmaq üçün Rusiya lideri Vladimir Putinin vasitəçiliyi ilə öhdəlik götürmüş, torpaqların qaytarılacağına və Azərbaycan ərazilərindən erməni qoşunların çıxarılacağına vəd vermişdi. Bu prosesi “seçkilərdən sonraya saxlamaq” adı ilə uzadan Sarkisyan, nəhayət, hakimiyyəti Paşinyana ötürməklə, verdiyi vəddən və məğlub durumdan qaçmağa çalışdı.
Oskanyanın bu fikirləri nə dərəcədə doğrudur? Doğrudanmı Sarkisyan torpaqları qaytaracağına söz veribmiş?
Demokratik Dəyişim Partiyasının sədri Əli Mustafa “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanda kimin nə deməsindən asılı olmayaraq, onlar yalnız Qarabağdan könüllü çıxacağı halda müharibə olmazdı: “Amma aydındır ki, onlardan heç kim bunu etməyəcəydi. Köçəryan da, Serj Sarkisyan da müəyyən vədlər verib, sonra yerinə yetirməyiblər. Çalışırdılar ki, bu prosesi maksimum uzatsınlar. Nə müharibə istəyirdilər, nə də torpaq qaytarmaq. Erməni fitnəkarlığı fayda vermədi. Çünki ərazilər ya xoşluqla, ya da müharibə yolu ilə boşaldılmalıydı. Paşinyanın bu məsələdə səhvi nədən ibarət olub, hər halda bunu özləri bilərlər. Kim olursa-olsun, bu məğlubiyyət olacaqdı. Çünki bizim ərazimiz Ermənistanın işğalı altındaydı. Onlar dinc yolla geriyə addım atmaq istəmirdilər. Ermənistanın resursları hər zaman bizdən zəif olub. Sadəcə, o vaxt rusların və İranın köməyi və Azərbaycanın daxilində baş verən xəyanətlər işğalı reallaşdıra bildi. İndi vəziyyət dəyişib. Üstəlik də Türkiyənin regiona gəlişi və birmənalı olaraq Azərbaycanı müdafiə etməsi tam fərqli status-kvo yaratdı. Ermənilər, yaxşısı budur ki, öz taleləri ilə barışsınlar. Amma bunu etmək istəmirlər. Ərazimizdə öz ordularını saxlayırlar. Ya normal qonşuluq siyasəti həyata keçirməlidirlər, ya da birdəfəlik rədd olub buradan getməlidirlər”.
Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Vaaqn Aleksanyan ölkənin keçmiş xarici işlər naziri Vardan Oskanyanın açıqlamalarına cavab verib.
Bu barədə Aleksanyan Facebook səhifəsində aşağıdakıları yazıb:
"Əgər keçmiş hakimiyyət Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımırdısa, onda onlar Ermənistanın suveren ərazisi olan Meğrini Azərbaycana necə verə bilərdilər?
Vardan Oskanyanın uğursuz cəhdlərindən sonra xalqı aldada biləcəyinə niyə qərar verdiyini bilmirəm, amma fakt budur ki, o yenə yanıldı. Əvvəlcə o, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasının cinayət cəzasına səbəb olacağı ilə bağlı qanun layihəsini imzaladı.
Həmin Vardan Oskanyan və Robert Köçəryan Qarabağın Meğri bölgəsinə dəyişdirilməsi variantını şəxsən müzakirə edib. Əgər Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımırdılarsa, əvəzində Meğrini Azərbaycana necə verə bilərdilər? Köçəryan baş nazir Aram Sarkisyanı bu variantı çex jurnalisti vasitəsilə Heydər Əliyevə təklif etdiyinə görə tərifləyib”.
Məhəmmədəli QƏRİBLİ