01/10/2023 20:27
728 x 90

Kişinyov görüşü rəsmən Vaşinqton və Brüssel müzakirələrinin davamı kimi qəbul edildi...

Yeganə Hacıyeva: “Rusiyanın sülh sazişinin imzalanmasına müsbət töhfə verəcəyinə şübhə edilir”

img

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Azərbaycan və Ermənistan liderləri arasında Brüssel və Kişinyov görüşlərinə dair yerli mətbuatın sualına cavabında bildirib ki, ötən il Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında bir neçə görüş keçirilib.

Dekabr ayında, məhz Ermənistan tərəfi Brüsseldə eyni formatlı görüşdə iştirakdan imtina edib, bununla da prosesə maneçilik törədilib.

O qeyd edib ki, Azərbaycan tərəfi ötən il baş tutmamış və Aİ Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə may ayında yenidən bərpa olunması planlaşdırılan Brüssel görüşünə razılıq verib:

“Eyni zamanda, Kişinyovda Avropa Siyasi İcmasının növbəti iclası çərçivəsində Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilməsi təklif olunub. Azərbaycan tərəfi, öz növbəsində, Brüssel formatını əvəz etməmək və bu formatı dəyişdirməmək şərtilə Kişinyovda qeyri-formal görüşdə Azərbaycan tərəfinin iştirakının mümkün olduğunu bildirib. Bununla yanaşı, sözügedən görüşün təfərrüatları barədə müfəssəl məlumat verilmədiyi nəzərə alınaraq, Kişinyov görüşündə iştiraka dair yekun razılıq hələlik mövcud deyil”.

Qeyd edək ki, Kişinyov görüşündən sonra keçirilən mətbuat konfransında tərəflər bir neçə gün əvvəl Moskvada baş tutan görüşə ümumiyyətlə istinad etməyiblər. Ağırlıq yalnız Brüssel və Vaşinqton görüşlərinə qoyulub. Bu, Moskva görüşünün arxa pıana keçirildiyi anlamına gələ bilərmi?

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 44 günlük müharibədən sonra aradan keçən 2 il 7 ay ərzində üçtərəfli razılaşma üzərində iş gedir: “Əslində, formatlar fərqli olsa da, yol xəritəsi kimi üçtərəfli razılaşma gedir. Buradakı tərəflərdən biri olan Ermənistanın da qarantı məhz Rusiya idi.

Rusiyanın sonrakı mərhələlərdə kənarlaşmasının bir sıra səbəbləri oldu. Bunların da hamısı Rusiyanın özündən qaynaqlandı. Bəziləri Rusiyanın daxilindəki və Ukraynada gedən proseslərlə əlaqəli oldu. Digər amil isə onun Cənubi Qafqazdakı maraqlarının müdafiəsi ilə bağlı seçdiyi yanlış taktika oldu. Rusiyanın xarici siyasətinin bütün vektorlar üzrə yanlış olması göz qabağındadır. Rusiyanın iştirakı ilə Soçi və Moskvada əldə olunan razılaşmalara əməl edilməməsi də prosesə təsir edir. Məntiqi olaraq sual yaranır ki, aqressorluq edən Ermənistana Avropa Birliyinin təsir imkanları genişdir, yoxsa Moskvanın? Söhbət maliyyədən gedirsə, Rusiyanın imkanları daha çoxdur. Hətta hərbi mövcudluğu da var. Avropa Birliyinin isə təsir gücünün artması aydın görünür. Çünki müharibədən sonra əldə olunan iki istiqamətdə razılaşma məhz Avropa Birliyinin moderasiyası əsasında baş tutub. Bu da o deməkdir ki, Rusiyanın vasitəçiliyi ikinci plana keçib. Effektiv olmayan hansısa vasitəni inkişaf etdirməyə lüzum yoxdur. Bu səbəbdən də Avropa Birliyinin və ABŞ-ın danışıqlardakı vasitəçiliyi daha cəzbedici görünür. İndiki şəraitdə nəzərə almaq lazımdır ki, Rusiyanın sülh carçısı olması şübhə altındadr. Hazırda Rusiya regionda müharibə aparır, 2008-ci ildə Gürcüstanın ərazilərini işğal edib. Rusiya xalqların müstəqilliyinə hörmət etmir. Ona görə Rusiyanın sülh sazişinin imzalanmasına müsbət töhfə verəcəyinə şübhə edilir və Moskvanın sülhdə iştirakını süni sayırlar. Ancaq bütün hallarda formatlardan imtinaya ehtiyac yoxdur”.

Məhəmmədəli QƏRİBLİ

Peşə etikası

Son xəbərlər