DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda oğurluq edərək vətəndaşlara külli miqdarda maddi ziyan vuran şəxslər saxlanıb.
Belə ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən Cavid Nəcəfov saxlanıb. Ətrafında aparılan tədbirlərlə onun cari ilin oktyabr-noyabr ayları ərzində rayonun Bağbanlı kəndi ərazisində yerləşən bağlardan və şəhər bazarı ərazisində yerləşən mağazalardan 5 oğurluq hadisəsi törətməsi, vətəndaşlara məxsus pul qabları, mağazalardan tütün məmulatları, spirtli içki və yeyinti məhsulları oğurlayaraq zərərçəkmişlərə maddi ziyan vurduğu müəyyən edilib.
Həmçinin, keçirilmiş tədbirlərlə rayon ərazisində oxşar cinayətləri törədən başqa şəxslərin də şəxsiyyəti məlum olub. Belə ki, rayon ərazisində yerləşən inşaat materialları mağazalarının birindən xeyli miqdarda santexnika avadanlıqları oğurlamaqda şübhəli bilinən Rafiq Abdullayev, Quba şəhər sakini M.Məmmədovun etibarından istifadə edərək aldatma yolu ilə pulunu mənimsəyən Qəribşah Hacıağayev saxlanıb.
Saxlanan hər üç şəxs məsuliyyətə cəlb olunub. Onların başqa oğurluq hadisələrində iştirak edib-etmədiyi araşdırılır.