ABŞ-ın "Huffington Post” onlayn qəzeti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə dərc edib. APA-nın verdiyi məlumata görə, siyasi analitik Klod Salhaninin müəllifi olduğu məqalədə Azərbaycan və Ermənistanın atəşkəsə baxmayaraq, müharibə şəraitində olduğu, 20 ildir "dondurulmuş münaqişə” ətrafında nəticəsiz danışıqların getdiyi qeyd olunur.
Analitik yazır ki, ortada üç həll variantı müzakirə olunur: "Hər variant tərəflərdən hansı üçünsə "turş” dad verir, çünki ortada sehrli həll yolu yoxdur. Lakin qanlı münaqişənin həllini axtarmağın reallığı da budur. Tərəflər "status-kvo”nu davam etdirməyə razılaşa və ya razılaşmaya bilərlər. Onlar vaxtaşırı silahlı toqquşmalara və bir-birinə zərbə vuran ritorikaya davam edə bilərlər. Belə olduğu halda Azərbaycanın 20 faiz ərazisini işğal etmiş Ermənistan bu əraziləri hələ də nəzarətdə saxlamaqla müvəqqəti üstünlük əldə edir, lakin bu, hərbi qarşıdurmanın qızışmasına aparır. Belə olduğu halda, Bakı üçün başqa variant qalmır”.
Müəllif qeyd edir ki, nə qədər arzuolunmaz olsa da, hərbi qarşıdurma yeganə həll yolu kimi görünə bilər: "İrəvanın nəzərə almalı olduğu iki yeni faktor var: Türkiyədə Rəcəb Tayyib Ərdoğanın prezident, Əhməd Davudoğlunun isə baş nazir olması. Bu iki şəxs Azərbaycanın inadlı dəstəkçiləridir və rəsmi Bakıya işğal olunmuş əraziləri azad etməkdə dəstək vəd ediblər. Türkiyə Azərbaycanla həmrəylik nümayiş etdirərək, Ermənistanla sərhədlərini bağlayıb”.
Ermənistan isə bir çox yerli "başağrılara” və daxili iqtisadi, siyasi və sosial çətinliklərinə baxmayaraq, hazırda Rusiyanın himayəsi altında özünü nisbətən toxunulmaz hiss edə bilər. Lakin Rusiyanın Ukrayna münaqişəsi kimi başqa bir münaqişəyə daha çox cəlb olunması ilə Ermənistanın vəziyyəti də bir anda dəyişə bilər. Bu, Ermənistanı "soyuqda” köməksiz buraxa bilər.