Tovuzda saxlanılan erməni vəfat edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 7-də Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Düşmən qrupunun zərərsizləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində dəstənin 4 üzvü məhv edilmiş, daha bir üzvü, Berd rayonunun Çinari kənd sakini, 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərəfindən ələ keçirilmişdi.
Avqustun 8-də səhər saatlarında dəstənin ələ keçirilmiş üzvü Karen Petrosyan qəflətən naməlum səbəbdən dünyasını dəyişib.
İlkin ehtimala görə K.Petrosyanın ölümünə kəskin ürək-ağciyər çatışmazlığı, kəskin miokardial çatışmazlıq səbəb olub. Hazırda Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Gəncə regional bölməsinin ekspertləri ölümün səbəblərini dəqiqləşdirir.
Azərbaycanda dünyasını dəyişən Ermənistan vətəndaşının ailəsinə onun ölüm xəbəri çatdırılıb. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, BQXK Azərbaycan hakimiyyət orqanları tərəfindən avqust ayının 7-də beynəlxalq sərhədi keçən Ermənistan vətəndaşının ölməsi haqqında məlumatlandırılıb.
Neytral vasitəçi olaraq BQXK Ermənistan hakimiyyət orqanlarını və ölmüş şəxsin ailəsini məlumatlandırıb.