ATƏT-in hazırkı sədri Didyer Burqxalter və ATƏT Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andriu (Fransa) qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində çoxsaylı itkilərlə nəticələnən zorakılığın kəskin artmasından dərin narahatlığını ifadə ediblər.
APA-nın məlumatına görə, bu barədə ATƏT Minsk Qrupunun bəyanatında bildirilir. ATƏT-in hazırkı sədri və ATƏT Minsk Qrupunun həmsədrləri həmçinin Ermənistan-Azərbaycan sərhədində humanitar missiyanı həyata keçirən Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilinin atəşə tutulması faktından narahatlığını ifadə edib. Onlar mülki şəxslərə və beynəlxalq təşkilatın nümayəndələrinə qəsdən hücumu qəti pisləyiblər və tərəflərə Cenevrə Konvensiyası üzrə öhdəliklərini xatırladıblar.