"Hazırda cəbhə xəttində vəziyyət Müdafiə Nazirliyi tərəfindən tam şəkildə idarə olunur, bütün məsələlər müdafiə naziri general-polkovnik Zakir Həsənovun tam ciddi nəzarəti altındadır. Ordumuz düşmənin istənilən hücumunu dəf etməyə, onu susdurmağa hazır və qadirdir və buna əməl də edir". Bunu Trend-ə eksklüziv açıqlamasında Müdafiə Nazirliyinin şöbə rəisi polkovnik Elnur Məmmədov deyib. Onun sözlərinə görə, müdafiə nazirinin göstərişinə əsasən, bütün cəbhə boyu Azərbaycan Silahlı Qüvvələri gücləndirilmiş iş rejiminə keçib və düşmənin bütün addımları diqqətlə izlənilir: "Mən özüm hazırda Tərtərin Qapanlı kəndindəyəm. Əslən də buralıyam. İndi məzuniyyətdəyəm və ailəmlə kənddə dincəlirəm. Evimiz də ön cəbhə xəttindən cəmi 250-280 metr aralıda yerləşir. Rayonda, kənddə ajiotaja səbəb ola biləcək heç nə yoxdur. Hər şey tam nəzarət altındadır. Vəziyyət normal şəkildə idarə olunur. Təsəvvür edin ki, mən Bakıdan gəlib burada ailəmlə dincəlirəm. Nəsə bir problem olsaydı, ailəm, uşaqlarım, anam burada olardımı?" Şöbə rəisinin sözlərinə görə, ermənilər tərəfindən atəşkəsə əməl olunmur və Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri, o cümlədən kənd atəşə tutulur. Amma hər dəfə belə bir fakt olduqda Ordumuz tərəfindən düşmənin susdurulması üçün lazım olan bütün tədbirlər görülür: "Bu dəqiqələrdə, hələ ki, heç bir atışma yoxdur. Lakin düşmən mövqelərimizi və ya kəndi atəşə tutarsa, qarşı tərəfin istifadə etdiyi silah növündən asılı olaraq ona cavab verilərək susdurulur. Hazırda yerləşdiyim istiqamət üzrə heç bir əlavə hərbi texnika cəlb olunmur. Çünki Ordumuzun hər bir istiqamət üzrə həm müdafiə olunmağa, həm də hücuma keçməyə gücü çata biləcək qədər döyüş texnikası, silahı, sursatı və şəxsi heyəti var".