Azərbaycanın döyüş təyyarələri cəbhə xətti üzərində uçuşlara başlayıb. APA-nın məlumatına görə, döyüş təyyarələri bu gün Tərtər və Ağdam istiqamətində uçuşlar həyata keçirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə APA-ya faktı təsdiqləyiblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı APA-ya açıqlamasında Azərbaycan HHQ-nin döyüş təyyarələrinin uçuşlarının planlı şəkildə həyata keçirildiyini bildirib.
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun cəbhə bölgəsinə zirehli texnika cəmləşdirməsi barədə yayılan informasiyalara da münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı qeyd edib ki, Azərbaycan öz hərbi texnikalarını ərazisi çərçivəsində hərəkət etdirməyə səlahiyyətlidir: "Keçirilən yerdəyişmələr planlı surətdə və istənilən istiqamətdə aparıla bilər. Biz bununla bağlı heç kimə hesabat verməli deyilik və verməyəcəyik”.