Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova, oğlu Kürdoğlu Əsgərov və Şahbaz Quliyevin həyat yoldaşı Albina Veselova Rusiya prezidenti Vladimir Putinə və Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinə müraciətlər ediblər.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Komitəyə daxil olan məlumata görə, müraciətlərdə D. Əsgərovla Ş. Quliyevin girovluqdan azad olunması xahiş edilib.
Rusiya Federasiyasının vətəndaşları olan Dilqəm Əsgərovun və Albina Veselovanın pasportlarının surəti həmin müraciətlərə əlavə edilib.
Pasportların surətindən aydın olur ki, Dilqəm Əsgərov Rusiya vətəndaşıdır. Lakin Rusiyanın Azərbaycandakı səfirliyi D. Əsgərovun Rusiya vətəndaşı olmadığını bildirib.
Pasportların surətindən o da məlum olur ki, Şahbaz Quliyevin həyat yoldaşı Albina Veselova da Rusiya Federasiyasının vətəndaşdır.
Rusiyanın Azərbaycandakı səfirliyi Dilqam Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri tərəfindən məktubun daxil olduğunu təsdiq edib. Səfirlikdən APA-ya verilən məlumata görə, məktub diqqətlə nəzərdən keçiriləcək.
Doğrudan da səfirin adına Q.Əsgərovdan məktub daxil olub. O iddia edir ki, D.Əsgərov Kəlbəcərdə məlum insident zamanı saxlanılıb və o, Rusiya vətəndaşıdır. Bu məktub diqqətlə nəzərdən keçiriləcək və onu göndərən şəxsə cavab veriləcək”, - deyə səfirlikdən bildiriblər.
Həmçinin Rusiya vətəndaşı olan A.Veselovanın səfirliyin konsulluq şöbəsinə həyat yoldaşı, Azərbaycan vətəndaşı Ş.Quliyevin axtarışına kömək etmək xahişi ilə müraciət etdiyi təsdiqlənib. A. Veselovaya bütün lazımi izahatlar verilib.