Rusiyada hakimiyyətin iki əsas fiquru arasında siyasi qalmaqal yaşanıb. Dumada, iqtisadi inkişaf naziri Maksim Oreşkinin çıxışı Duma sədri tərəfindən kəsilib.
Baki-xeber.com xəbər verir ki, Rusiyanın sosial-iqtisadi inkişafı il bağlı keçirilən iclasda Duma sədri Vyaçeslav Volodin, sözünü kəsdiyi nazir Maksim Oreşkini kürsüdən endirib. Qərarının səbəbi olaraq Oreşkinin hazırlıqsız olmasını göstərən Volodin, mövzu ilə əlaqədar iclası ertələyib.
Oreşkinin sözünü kəsən Volodin, nazirliyin ölkə iqtisadiyyatının inkişafı istiqamətində hansı konkret addımları atdığını soruşub. Nazirdən ətraflı məlumat verməsini istəyən Duma sədri, "Həmkarlarımız, iqtisadiyyatımızın inkişafı üçün nazirliyin nə etdiyini bilmək istəyir. Mövzu ilə əlaqədar hekayə, vəziyyətin təhlili deyil, atılan konkret addımları öyrənmək istəyirlər... Dövlət başçısının təlimatlarının nə zaman yerinə gətirilməyə başlanacağını eşitmək istəyirik" - deyib.
Oreşkin deputatlarla olan söhbəti mürəkkəb adlandırıb. Oreşkin, dövlət layihələrindən məsul olan bütün nazirlərin çağırılmasını təklif edib. Onun sözlərinə gərə hər bir nazir öz işlərinə özü cavab verməlidir.
Deputat Vladimir Jirinovski, Dövlət Dumasında son 20 ildə ilk dəfə bir nazirin çıxışının dayandırıldığını deyib. Digər millət vəkilləri də, ölkə tarixində ilk dəfə bir nazirin sözünün parlament sədri tərəfindən kəsildiyini söyləyiblər.
Kreml isə Dumada yaşananları adi iş rejimi kimi dəyərləndirib. Prezident Putinin sözçüsü Dmitri Peskov nazirlərdən gözləntilərinin yüksək olduğunu deyib.