Ermənistanın Diaspor və Mədəniyyət nazirliklərinin işçiləri aparılan kütləvi ixtisarlara etiraz olaraq tətilə başlayıb.
Baki-xeber.com-un erməni mətbuatından əldə etdiyi xəbərə görə, etirazçılar İrəvanın mərkəzində iş yerlərinin önündə toplaşıb. Onlar nazirliklərdə planlaşdırılan optimallaşdırmaya, dövlət aparatında ixtisarlara və hökumətin strukturunun dəyişdirilməsinə etiraz edir. Diaspor nazirliyinin işçiləri funksiyalarının XİN işçilərinin funksiyalarından fərqləndiyini və öz vəzifələrini layiqincə yerinə yetirdiklərini bəyan edir, Mədəniyyət nazirliyinin işçiləri isə hansısa quruma birləşdirilməyə etiraz edir, bu səbəbdən işsiz qalacaqlarından qorxurlar.
Aksiya iştirakçıları toplaşdıqları ərazidən nümayişlə Hökumət evi önünə gedib hazırladıqları müraciəti Baş nazir əvəzi Nikol Paşinyana təqdim etmək niyyətindədir. Müraciətdə hər iki nazirliyin əvvəlki tərkibdə və səlahiyyətlərdə qalması istənir.