ABŞ prezidenti Donald Trampın Amerika hərbi qüvvələrini Suriyadan tam çıxarmaq qərarının detalları açılır. Baki-xeber.com xəbər verir ki, Amerikanın Fox News Channel kanalının iddialarına görə, Tramp Suriyadan çəkilmə qərarını Ərdoğanın təzyiqilə verib.
Kanal Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, ABŞ prezidenti Donald Trampa, türk ordusunun Suriyaya girməyi planlaşdırdığını və ABŞ əsgərlərinin bölgədən çəkilməsi ilə bağlı xəbərdarlıq etdiyini iddia edir. Trampın dekabrın 14-də Ərdoğanla telefon danışığından sonra Suriyadan çəkilmə qərarı verdiyini deyən kanal iddia edir ki, ABŞ prezidenti bu qərarı Ərdoğanın təzyiqilə verib.
Tramp Suriyadan çıxmaq qərarı ilə bağlı ilk olaraq dövlət katibi Mayk Pompeonu məlumatlandırıb və bu barədə nə ordu rəhbərliyini, nə hərbi məsləhətçiləri, nə də təhlükəsizlik mütəxəssislərini dinləyib. Qeyd edilir ki, Tramp hətta müdafiə naziri Ceyms Mattis və dövlət katibi Pompeoya da qulaq asmayıb. Rəsmilər Trampı, Suriyadakı Amerika əsgərlərinin yalnız İŞİD-lə mübarizəni davam etdirmək üçün deyil, eyni zamanda Suriyadakı İran hərbi qüvvələrinə qarşı bölgədə olmalarının vacibliyinə inandıra bilməyiblər.
Pentaqon rəhbərliyi isə ABŞ-ın kürd və Suriyadakı digər müttəfiqlərini qoruya bilməyəcəyindən ehtiyatlanır. “Fox News”a görə isə İŞİD-lə mübarizədə ABŞ qüvvələrinə dəstək olan “Demokratik Suriya Qüvvələri” (əsas bazasını PKK/PYD təşkil edir) çox ehtimal ki, ortadan tam qaldırılacaq.
Xarici media ABŞ-ın Suriyada hava hücumlarını da dayandıracağını yazır.