
Rusiya Prezidenti Putinə müxalif olduqlarını bəyan edən hərbi qrupların sərhədə yaxın Belqorod şəhərinə hücumu və bir neçə qəsəbədə qısa müddətliyinə də olsa idarəçiliyi ələ keçirməsi Moskvada böyük narahatlığa səbəb olub. Ölkədə Rusiyanın bir şəhərinin işğalı və bunun necə mümkün olması müzakirə olunur.
Özlərini Rusiya partizan qüvvələri kimi təqdim edən iki qrup Ukrayna ərazisindən hücuma keçərək Rusiyanın sərhəd qəsəbələrini işğal edib. “Rusiya üçün azadlıq legionu” və “Rusiya Könüllüləri İttifaqı” özlərini “Rusiyanı prezident Vladimir Putindən xilas etmək istəyən” anti-Kreml milis qrupları kimi təqdim edirlər. Kozinka və Qlotovo qəsəbələrini ələ keçirən silahlılar Qrayvoron şəhərinə də hücum ediblər.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya ərazisinə daxil olan təxribat qrupunun Ukraynaya geri çəkildiyini və orada zərərsizləşdirildiyini bildirib. 70 nəfərin öldüyünü iddia edən Şoyqu silahlıların oxşar hərəkətlərinə sərt cavab verəcəklərini bildirib.
Bu hadisə Ukraynanın müharibəni Rusiya torpaqlarına daşımaq niyyətini də ortaya qoyur. Ukraynalı hərbi ekspertlər müharibəni dərindən yaşamayan və onun təsirini hiss etməyən rusların Putini dəstəkləməyə davam etdiklərini və müharibənin sona çatması üçün müharibənin rus xalqına daha çox görünməli olduğunu düşünürlər. Bu yaxınlarda Ukraynaya verilən uzaqmənzilli raketlərin bu baxımdan ciddi təhlükə yarada biləcəyi bildirilir. Rəsmi olaraq təsdiqlənməsə də, Ukrayna daha əvvəl Rusiya ərazisini və Rusiyanın nəzarətində olan Krımı dron hücumları ilə vurmağa nail olub. Bildirilir ki, Ukraynanın bu imkanları günü-gündən artır.
Rusiya rəhbərliyi Belqorod şəhərinə hücumda Amerika istehsalı olan avtomobillərdən istifadə edildiyinə dair görüntüləri paylaşıb. Fotolarda Belqorodun bəzi qəsəbələrini zəbt edən qrup üzvlərinin Humvee və buna bənzər maşınlardan istifadə etdiyi görünür.
ABŞ isə buna rəğmən Rusiya daxilində hücumları təşviq etmədiyini və dəstəkləmədiyini deyir.
Tahir TAĞIYEV