
Ukraynada cəbhədə döyüşən rus muzdlu “Vaqner” qrupunun qurucusu Yevgeni Priqojin ölkənin şərqində yerləşən Baxmutda itkilərlə bağlı açıqlamalar verib. Priqojin, aylardır münaqişələrin davam etdiyi Baxmutda 20 mindən çox itki verdiklərini və Rusiyanın Ukraynanı tərksilah etmək cəhdinin öz əleyhinə çevrildiyini deyib. O, Ukrayna ordusunun Qərb ölkələrindən aldığı silahlar tədarükü və təlimlərlə daha da gücləndiyini bildirib.
Priqojin qeyd edib ki, Ukrayna yaxın həftələrdə gözlənilən əks-hücumla Rusiya qüvvələrini ölkənin cənub və şərq hissəsindən, o cümlədən Krımdan çıxarması mümkündür.
"Ukraynalılara raketlər verildi, əsgərlər hazırlandı. Təbii ki, hücumlarını davam etdirəcəklər, əks-hücuma keçməyə çalışacaqlar. Krıma hücum edəcəklər, Krım körpüsünü partlatmağa çalışacaqlar, təchizat xətlərimizi kəsəcəklər. Biz çox çətin bir müharibəyə hazırlaşmalıyıq”, - Priqojin bildirib.
Priqojin deyib ki, Rusiya hakimiyyəti müharibəyə ciddi yanaşmasa, müharibədə uduzacaq və bu halda Rusiya 1917-ci ildəki inqilaba bənzər bir inqilabla üzləşəcək.
Priqojin Rusiya qüvvələrinin Ukraynada dinc sakinləri öldürdüyünü də iddia edib.
Qeyd edək ki, Priqojin keçən həftə "Vaqner" əsgərlərinin Baxmutu tamamilə ələ keçirdiyini və iyunun 1-dək şəhəri rus ordusuna təhvil verməyi planlaşdırdıqlarını bildirmişdi. Ukrayna ordusu isə Priqojinin dediklərini təkzib edərək Baxmutda şiddətli toqquşmaların davam etdiyini bildirib.
Tahir TAĞIYEV