ABŞ Rusiyaya qarşı ixrac məhdudiyyətləri qoyub. Trend xəbər verir ki, bu sanksiyaya Ermənistanın sənaye xammalı, kimyəvi reaktivlər və laborator avadanlıq tədarükü ilə məşğul olan "Medisar" şirkəti də məruz qalıb.
Ermənistanın ABŞ-ın milli təhlükəsizliyinə və ya xarici siyasət maraqlarına zidd fəaliyyət göstərməyə cəhd edənlərin daxil olduğu ABŞ-ın “qara siyahısı”na düşməsi ilk dəfə deyil. ABŞ-ın Ticarət, Maliyyə və Ədliyyə Nazirliklərinin bu ilin əvvəlində açıqladığı üçtərəfli sənəddə Ermənistanın qanunsuz olaraq Rusiya və ya Belarusa malları yönləndirdiyi və bununla da sanksiyalardan yayındığı üzə çıxıb.
Xatırladaq ki, martın 1-də bu nazirliklər milli təhlükəsizliyə və ABŞ-ın xarici siyasət maraqlarına zidd hərəkətlər edən 37 şirkətə məhdudiyyətlər qoyub.
"Report"un məlumatına görə, Ermənistanda qeydiyyatdan keçmiş bir neçə şirkət, o cümlədən “Tako MMC” (digər adı Rusiyanın “Radioavtomatika” MMC-nin tərəfdaşı olan “Taco” MMC) və “Milur Electronics MMC” (mikrosxem istehsal edən “Milandr”ın Ermənistan filialı) da daxil olmaqla, ABŞ-ın Rusiya əleyhinə sanksiyalarına məruz qalıb.
Digər şirkətlər Rusiyanın 69 müəssisəsi (onlar Rusiyanın hərbi-müdafiə kompleksinə dəstək verir-red) və Qırğızıstanın “Tro.Ya” (elektron avadanlıq və komponentlərin tədarükçüsü) şirkətidir.
Qeyd edilir ki, Ermənistan şirkətlərinin siyahıya salınmasına səbəb onların hərəkətlərinin məhsullarının son alıcısının kim olmasının yoxlanılmasının uğurla başa çatmasına mane olması olub.
Xatırladaq ki, Ermənistanın bir sıra şirkətləri Rusiyanın ABŞ-ın sankiyaya məruz qalmış müəssisələri ilə sıx əlaqədədir.