Rusiya prezidenti Vladimir Putinin keçmişdə fəxrlə “qarşısıalınmaz” kimi təqdim etdiyi “Kinjal” (Xəncər) adlı hipersəs raketlərinin Ukrayna tərəfindən ardıcıl olaraq havada məhv edilməsi Moskvada qızğın müzakirələrə səbəb olub. Texnologiyası "Kinjal"dan köhnə olsa da, Kiyevin istifadə etdiyi Amerika istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemləri son bir neçə gündə havada onlarla Rusiya raketini məhv edib.
Raketlərin Ukraynanın müdafiəsini aşa bilməməsinin ardından Rusiyada hipersəs silahlarını hazırlayan alimlərin həbs olunduğu ortaya çıxıb. Bildirilib ki, silahı hazırlayan baş mütəxəssis Valeri Zvyaqintsev mayın 16-da həbs edilib. Rusiya Federal Təhlükəsizlik Xidməti FSB saxladığı fizikin iş yerində və evində də axtarış aparıb. Saxlanılan Zvyaqintsev və onun iki həmkarı Anatoli Maslov və Aleksandr Şipluka dövlətə xəyanətdə ittiham olunurlar.
Bildirilir ki, ən azı 20 il həbs istənən 3 alim hipersəs raket proqramı ilə bağlı məxfi məlumatları sızdırmaqda günahlandırılır.
Mühəndislərin vəziyyəti Rusiya mətbuatında çox işıqlandırılmasa da, elmi ictimaiyyətdə böyük səs-küyə səbəb olub. Rusiyalı fiziklər həmkarlarının azadlığa buraxılmasını tələb edirlər.
Mövzu ilə bağlı açıqlama verən Kremlin mətbuat katibi Dmitri Peskov həbslərdən xəbərdar olduqlarını bildirib və sadəcə olaraq, “adıçəkilən şəxslərin həqiqətən də dövlətə xəyanət cinayətini törədib-törətmədiyinə məhkəmə qərar verəcək” deməklə kifayətlənib.
"Kinjal" böhranı əslində ilk dəfə 2022-ci ilin iyulunda başlayıb. Əvvəlcə mühəndis Anatoli Maslov, üç ay sonra isə Aleksandr Şipluka saxlanılıb. Bir neçə gün əvvəl isə baş mühəndis Valeri Zvyaqintsev həbs olunub. Araşdırmaya səbəb fiziklərin İranda elmi jurnala dövlət sirri sayılan məlumatları vermələridir. Müttəhimlər isə İrana göndərdikləri məktubların Rusiyada dövlət nəzarətindən keçdiyini deyirlər.
Rusiya lideri Putin ilk dəfə 2018-ci ildə “Bizim indi heç kimin tuta bilməyəcəyi möhtəşəm hipersəs silahımız var. Adını "Kinjal" qoyduq” demişdi.
Qeyd edək ki, may ayı ərzində Rusiya demək olar ki, hər gün Ukraynaya intensiv raket hücumları həyata keçirib. Dünən Ukrayna ordusu hava hücumundan müdafiə sistemlərinin qurudan, havadan və dənizdən atılan 30 Rusiya raketindən 29-nun qarşısını ala bildiyini açıqlayıb. Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov isə bildirib ki, müəyyən edilmiş bütün hədəflər vurulub.
Tahir TAĞIYEV