Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukraynaya dünənki raket və dron hücumları ilə bağlı ABŞ-ı qəzəbləndirən açıqlamalar verib. Konaşenkov Ukraynanın paytaxtı Kiyevdə ABŞ istehsalı olan "Patriot" hava hücumundan müdafiə sistemini vurduqlarını bildirib.
Ukrayna ordusunun hərbi mərkəzlərinə, Qərb ölkələrinin Ukraynaya göndərdiyi sursat, silah və hərbi maşın anbarlarına uzun mənzilli yüksək dəqiqlikli silahlarla hava və dəniz hücumu həyata keçirdikləri barədə məlumatı paylaşan Konaşenkov bütün müəyyən edilmiş obyektlərin vurulduğunu bildirib.
Ukrayna Müdafiə Nazirliyi bir müddət əvvəl "Patriot" sistemlərinin ABŞ, Hollandiya və Almaniyadan gətirildiyini bildirmişdi.
Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk mayın 6-da Kiyev vilayətində Rusiyanın səsdən sürətli “Kinjal” raketini “Patriot” sistemi ilə vurduqlarını bildirib.
Ukrayna tərəfinin 6 “Kinjal” raketinin vurulması ilə bağlı açıqlamasına münasibət bildirən Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, “Kinjal" misilsiz texniki və taktiki xüsusiyyətlərə malikdir: "Bunu Putin (Rusiya prezidenti) və texniki ekspertlərimiz dəfələrlə bildirib. Bu, həqiqətən də belədir".
Rusiyanın müdafiə naziri Sergey Şoyqu da bildirib ki, Ukraynanın 6 “Kinjal” raketinin vurulması ilə bağlı açıqlamaları həqiqəti əks etdirmir: "Hər dəfə vurduqlarını iddia etdikləri qədər "Kinjal" raketi buraxmadıq. Üstəlik, Ukraynanın blokladığını elan etdiyi raketlərin sayı bizim atdığımız raketlərin sayından 3 dəfə çoxdur".
Şoyqu Amerikanın Ukraynaya verdiyi müdafiə sistemlərini kimin idarə etdiyinin də suallar doğurduğunu deyib.
TAHİR