Rusiyanın muzdlu “Vaqner” qrupunun yaradıcısı Yevgeni Priqojinlə Kreml arasında gərginlik davam edir.
Son zamanlar tez-tez Kremlə qarşı üsyan edən və hətta Ukraynanın kritik şəhəri olan Baxmutdan nəhayət geri çəkiləcəklərini deyən "Vaqner"in qurucusu sursat dəstəyi ala bilmədiklərinə görə təhdid edildiyini açıqlayıb. Müdafiə Nazirliyindən məktub aldıqlarını bildirən Priqojin "Telegram"dan verdiyi açıqlamada hələlik onlara sursat göndərilmədiyini deyib.
“Bizi açıq şəkildə həyasızcasına aldatdılar” deyən Priqojin rus əsgərlərini də ifşa edib. Belə ki, Priqojin rus əsgərlərinin cəbhədən qaçdığını açıqlayıb. Bu vəziyyətin "Vaqner"in əsgərlərini çətin vəziyyətə saldığını bildirən Priqojin Rusiya lideri Putinə “Baba” deyərək səslənib: “Baba Ukraynada hər şeyin yaxşı getdiyini düşünür...
Əgər baba haqlı çıxarsa, əla! Ancaq gəlin fərz edək ki, babanın tam bir ağılsız olduğunu kəşf etdik. O zaman ölkə nə edəcək? Uşaqlarımız, nəvələrimiz nə edəcək? Müharibədə necə qalib gələcəyik?"
Qeyd edək ki, ötən həftə yaydığı videoda "Vaqner" lideri Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu təhqir edərək onlardan sursat tələb edib. Priqojin mayın 9-na kimi yükü gözləyəcəklərini və bu baş verməsə, mayın 10-da qoşunlarını Baxmut cəbhəsindən çıxaracağını bildirmişdi. Bununla belə, "Vaqner" lideri bazar günü Rusiya ordusundan daha çox sursat göndərəcəyinə söz verildiyini bildirib.
Bundan əlavə, "Vaqner" lideri iddia edib ki, rus əsgərləri Baxmut cəbhəsindən qaçaraq "Vaqner" döyüşçülərini çətin vəziyyətdə qoyublar.
TAHİR