Dünya aylardır Rusiya ilə Ukrayna arasında gedən müharibəni qorxu içində izləyir. Ötən ilin fevralında Rusiya prezidenti Putinin verdiyi əmr başlayan və on minlərlə insanın həyatına son qoyan qanlı müharibənin əsas mərkəzi olan Baxmutda qarşıdurmalar davam edir.
Rusiya Ukraynanın şərqindəki “son qalası” olan Baxmutu ələ keçirmək üçün var gücü ilə hücuma keçib. Ən çəbhədə əsasən Rusiyanın muzdlu qruplaşması “Vaqner” döyüşür.
Bir neçə aydır “Vaqner”lə nizami ordu arasında yaşanan gizli fikir ayrılığı artdıqdan sonra Priqojin cəbhə xəttindən çəkdiyi videolarla Rusiya ordusunu açıq hədəfə almağa başlayıb.
Bir neçə gün əvvəl isə Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu günahlandıran Priqojin "Vaqner" qoşunlarının mayın 10-dan etibarən Baxmutdan çıxarılacağını açıqlayıb.
Qəzəblənən Priqojin yerdəki ölmüş əsgərlərini göstərərək, "Bizdə sursat qalmadı, 70 faizi getdi. Şoyqu! Gerasimov! Bu... sursat haradadır?" – deyərək onlar haqqında sərt ifadələr işlədib.
Əllərində kifayət qədər sursat olarsa, ölənlərin sayının 5 dəfə azalacağını vurğulayan Priqojin rus ordusuna mayın 10-na qədər Baxmutdan geri çəkilməmək üçün vaxt verib. O, bildirib ki, "Vaqner" tələb etdiyi sursatı ala bilməsə, qüvvələrini Donetskin əsas şəhəri olan Baxmutdan çıxaracaq: "Şoyqu! Gerasimov! Sursat haradadır? Onlar könüllü olaraq bura gəlib öldülər, siz qırmızı rəngli nazirliyinizdə kökəlin deyə öldülər".
Rusiyada soyuq duş effekti yaradan Priqojinin bu sözləri Baxmutda tarazlığı kökündən dəyişəcək bir faktor kimi dəyərləndirilirdi. Ancaq yeni açıqlama yayan "Vaqner" başçısı bildirib ki, Baxmutda döyüşü davam etdirmək üçün ona silah vəd edilib. Priqojin, Baxmut şəhərinə bir neçə ay davam edən hücumu davam etdirmək üçün ona kifayət qədər sursat və silah vəd edildiyini bildirib.
Tahir TAĞIYEV