Polşada Varşava Bələdiyyəsi Rusiyanın Varşavadakı səfirliyinə bağlı və məhkəmə qərarına görə Rusiya tərəfindən qanunsuz istifadə edilən lisey binasını müsadirə edib.
1953-cü ildə Polşa Müdafiə Nazirliyi tərəfindən Sovet İttifaqının Varşava səfirliyinə pulsuz və müddətsiz istifadəyə verilən bina Polşa ilə Rusiya arasında böhrana səbəb olmuşdu. .
Varşava Bələdiyyəsi Rusiyanın Varşavadakı səfirliyinin əməkdaşlarının və hərbi zabitlərin övladlarının orta məktəb təhsili aldığı Kieleçka küçəsi 45 nömrəli binanın müqaviləsini uzatmayıb və səfirlikdən 2010-cu ildə binanın boşaldılmasını istəyib. Rusiya isə sözügedən binanın diplomatik nümayəndəlik binası olduğunu əsas gətirərək təxliyə qərarını rədd edib. Varşava Bələdiyyəsi məsələni məhkəməyə çıxarıb və illərdir davam edən prosesdə qərar açıqlanıb.
Məhkəmə Rusiyaya məktəbi boşaltmağı və binanın Polşa xəzinəsinə verilməsini tələb edib. Ancaq qanuni müddətin başa çatmasına baxmayaraq, bina boşaldılmayıb. Varşava Bələdiyyəsinin əməkdaşları mühafizə işçiləri və polisin müşayiəti ilə məktəbə gələrək binanın boşaldılmasını tələb ediblər.
Varşava merinin müavini Tomaş Bratek bildirib ki, içəridəki insanlar binanı boşaltmaqdan imtina etdikdə rəsmilər güc tətbiq etməli olublar və içəri girmək üçün çilingərin köməyi ilə bağlı qapılar açılıb. Eyni zamanda Rusiyanın Varşavadakı səfirliyi ilə aparılan danışıqlar nəticəsində məktəb yataqxanasında qalan 27 nəfər binanı boşaltmağa və səfirliyin göstərdiyi başqa ünvana köçməyə razılıq verib.
Məktəb binasının ələ keçirilməsindən sonra Rusiyanın Varşavadakı səfirliyinin əməkdaşı Andrej Ordasz şagirdlərin təhsilinin fasiləsiz davam etdiriləcəyini bildirib.
Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev isə məktəbin müsadirə edilməsi ilə bağlı Moskvanın Varşavaya cavab verəcəyini bildirib.
TAHİR