ABŞ-da olduğu kimi Böyük Britaniyada da “məxfi sənəd” böhranı başlayıb. "Sun" qəzeti yazır ki, İngiltərənin şimal-qərbindəki Cumbria şəhərində "Furness Railway" barının tualetində HMS Anson nüvə sualtı qayığına aid sənədlər tapılıb.
Məkanın sualtı qayığın inşa edildiyi Böyük Britaniyada yerləşən BAE Systems şirkətinin tərsanəsinin yaxınlığında olduğu bildirilir. BBC şənbə gecəsi tapılan sənədlərin tədqiq edilmədiyini yazsa da, "SUN"a danışan və kimliyini açıqlamayan donanma rəsmisi bunların məxfi məlumatları ehtiva etməyən təlim sənədləri olduğunu iddia edib: "Biz bütün təhlükəsizlik məsələlərinə son dərəcə ciddi yanaşırıq və sənədlərin necə sızdığını araşdıracağıq".
Böyük Britaniyanın aparıcı qəzetlərindən olan “The Guardian” da sualtı qayığın sxemlərini ehtiva edən sənədlərin üzərində “yalnız məmurlar üçün” yazıldığını bildirib. Bu qeyd olunan ifadəni ehtiva edən sənədlər “məxfi” sənədlərin alt kateqoriyasına daxildir.
"Sun" sənədləri tapdığını iddia edən şəxsə istinadən hadisə baş verən gün barın tərsanədən çıxan əsgər və mülki vətəndaşlarla dolu olduğunu bildirib. "Mən vanna otağına girdim və yerə atılmış sənədləri gördüm. Hər kəs onları tapa bilərdi. Xoşbəxtlikdən, rus agentlərinin əlinə keçməyib", - mənbə bildirib.
Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin ən qabaqcıl nüvə sualtı qayıqları sinfi olan "Astute"ə aid olan 97 metr uzunluğundakı HMS Anson fevral ayında suya buraxılıb.
7 min 800 ton ağırlığında olan döyüş gəmisi hazırda Şotlandiyanın Klayd şəhərindəki dəniz bazasındadır.
Tahir TAĞIYEV