Bölgədəki mənbələr Əfqanıstan prezidenti Əşrəf Qaninin "Taliban" təmsilçisi ilə görüşdən sonra istefa verdiyini açıqlayıb.
Artıq Əfqanıstanda keçid hökuməti yaradılıb. Keçid hökumətinə ölkənin keçmiş daxili işlər naziri Əli Əhməd Cəlalinin rəhbərlik edəcəyi açıqlanıb.
X X X
Radikal “Taliban” hərəkatı Əfqanıstanın bütün ərazisində vəziyyətə nəzarəti ələ aldığını elan edib.
“Al Arabiya” telekanalı məlumat yayıb ki, "Taliblər"in bəyanatında qeyd edilir ki, artıq ölkənin heç bir yerində hərbi əməliyyat aparılmır. Hərəkat Əfqanıstanın bütün ərazisində nəzarəti əlinə alıb.
Daha əvvəl yayılan məlumata görə. Əfqanıstan prezidenti Əşrəf Qani yaxın saatlarda vəzifəsindən istefa verəcək. Hakimiyyətin ötürülməsi bu gün paytaxt Kabildəki prezident sarayında baş tutacaq.
Əfqanıstanın daxili işlər naziri Abdul Sattar Mirzakval bildirib ki, hakimiyyət radikal “Taliban” hərəkatına dinc yolla veriləcək. O, qeyd edib ki, radikal hərəkatın silahlıları paytaxta hücum etməyəcəklər.
“Kabil hücuma məruz qalmayacaq, hakimiyyət dinc yolla ötürüləcək”, - deyə nazir “TOLO News” telekanalının efirində bildirib.
Mirzakval paytaxt sakinlərini əmin edib ki, təhlükəsizlik orqanları Kabilin təhlükəsizliyini təmin edəcəklər.
Öz növbəsində “Taliban” hərəkatının nümayəndələri də bildiriblər ki, vətəndaşların təhlükəsizliyi təmin olunacaq.