Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun mənşəyinin araşdırılması prosesini siyasiləşdirməməyə çağırıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə qurumun yaydığı bəyanatda deyilir.
"Artıq məlum olanlara istinad edərək demək olar ki, araşdırmaların növbəti mərhələsi 2019-cu ildə potensial ilkin yoluxma hallarının öyrənilməsi olacaq. Məlumatlara əlçatanlıq bizim elmi dərrakəmizin inkişafı üçün çox vacibdir və heç bir halda siyasiləşdirilə bilməz", - məlumatda deyilir.
Qeyd olunur ki, bu məqsədlə beynəlxalq elmi məşvərət qrupu yaradılacaq. SAGO adı daşıyan qrup pandemiya potensialı olan yeni patogenlərin öyrənilməsi ilə məşğul olacaq.
Bundan öncə ÜST-ün Çində koronavirus infeksiyasının mənbəyini araşdıran ekspertlər qrupunun rəhbəri, danimarkalı alim Piter Embarek bildirmişdi ki, sıfırıncı pasiyentin laboratoriya şəraitində və ya çöl araşdırmaları zamanı yoluxma versiyasını istisna etmək olmaz.