Seyid Camal Əzimbəyli: “Hansısa siyasi maraqlara görə...”
Məlum olduğu kimi, erməni KİV-i bütün İslam dünyası və xüsusilə şiələr üçün böyük təhqir sayılan yazı dərc edib. Yazıda erməni yazarlar guya qazax xalqında "Dariqa qız" adlı qəhrəmanlıq dastanının olduğu barədə məlumat verir, ancaq şiəlik motivlərinə əsaslandığı üçün, guya dastanın sovet dövründə rəsmi milli epos statusu ala bilmədiyini yazırlar.
Ermənilər yazırlar ki, şiələrin 4-cü (?) imamı Əli guya Dariqaya, sonra isə onun oğlu olduğunu ehtimal belə etməyən Mehdiyə məğlub olur. Lakin, qeyri-iradi, atasını məğlub etdiyini anlayan Mehdi utancından dağlara çəkilir və yer altında gizlənir.
Məqalənin əsas süjet xəttinə toxunmuruq. Yüz milyonlarla müsəlmanın həssas dini inancına böhtan atan və onu təhqir edən bu parçanı xatırlatmaq kifayətdir. Əvvəla Əli islam tarixində 4-cü yox, birinci imamdır. İkincisi, tarixdə imam Əlinin qazax xalqının hər hansı etnos qəhrəmanı ilə hansısa bağlılığının olduğuna dair fakt yoxdur. Üçüncüsü, 12-ci imam Mehdinin kimdənsə inciyib qeybə çəkildiyinə dair ortada ciddi tarixi və dini fakt mövcud deyil. Göstərilən faktlar qazax xalqında "Dariqa qız" adlı eposun ümumiyyətlə olmadığını, olubsa da, orada şiəliklə bağlı belə bir epizodun göstərilmədiyini qətiyyətlə söyləməyə əsas verir. Dördüncüsü, dini məzhəbi etibarilə islamın sünni qoluna aid qazax xalqının şiə müqəddəsləri ilə bu formada əlaqələndirilməsi aşkar qərəz və saxtakarlıqdır. Məqalənin maraqlı tərəfi odur ki, ermənilər islama, xüsusilə də şiə müsəlmanlara qarşı belə mənəvi terror xarakterli uydurmaya əl atanda şiə İranı da nəzərə almayıblar. İranın imkanlarından istifadə edərək regional təcriddən çıxmaq istəyən ermənilər şiə müqəddəslərini dövlət səviyyəsində dəyərə çevirən 80 milyonluq İrana belə "minnətdarlıq" edirlər.
Ən maraqlısı isə odur ki, İran hələ də sözügedən məsələyə öz etirazını bildirməyib. Adətən İran dövləti şiə müqəddəsləri ilə bağlı məsələlərdə son dərəcə həssas davranır. Bu və buna bənzər hadisələr baş verəndə dərhal buna müxtəlif formalarda öz etirazlarını bildirirlər. Çox qəribədir ki, Ermənistan KİV-ində şiələrlə bağlı dərc olunan təhqiramiz yazıya İran reaksiya vermir. Eyni zamanda, buna cəhd belə göstərmir.
Maraqlıdır, İran Ermənistan mətbuatında dərc olunan sözügedən təhqiramiz yazı ilə bağlı niyə öz etirazını bildirmir?
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, İranın bunu görməzdən gəlməsi hiddətləndiricidir: “Bu, ümumilikdə, Əhli Beytə yönəlik bir təhqirdir və İranın buna reaksiya verməməsi çox acınacaqlı haldır. İranın dövlət ideologiyasında şiəlik əsas rola malikdir. Çox qəribədir ki, İranın Ali Dini Şurası bu məsələyə öz münasibətini bildirməyib. Halbuki, onlar sözügedən məsələdə dərhal ortaya mövqe qoymalıydılar. Mən də bir Əhli Beyt mənsubu olaraq bundan çox üzülürəm. İran bəzən Azərbaycanın hansısa dövlətlə olan yaxın münasibətlərinə belə, qısqanclıqla yanaşır və bununla bağlı mövqe sərgiləyir. Ancaq, nədənsə, İran İslam Respublikası Ermənistan mətbuatındakı bu rəzilliyə adekvat reaksiya vermir. Buna görə öz mövqeyini ortaya qoymur. İranın bu susqunluğu utancvericidir və milyonlarla Əhli Beyt sevənləri qane etməyəcək. Burada söhbət İran-Ermənistan münasibətlərinin qorunmasından gedirsə, bunun özü də gülünc təsir bağışlayır. Ona görə ki, İran dövləti dəfələrlə Ermənistandan güclüdür. Ermənistanın İran üçün hansı xüsusi strateji mövqeyi var ki, Tehran bunu görməzdən gəlir? Baxanda buna görə İran nəsə itirməyəcək. O üzdən, gərək Ermənistan bundan daha çox narahat olsun. Ancaq İranda istər dövlət, istərsə də ictimaiyyət səviyyəsində bu məsələyə reaksiyanın verilməməsi çox üzücüdür. Ona görə də bu məsələdən hiddətlənirəm. Çünki sevgili peyğəmbərimizin təəssübkeşi olduğunu dayanmadan, durmadan bəyan edən mövcud İran hakimiyyətinin bu məsələdə Ermənistana hər hansı reaksiya verməməsi islamın və dinin prinsipləri ilə bir araya sığmır. Hansısa siyasi maraqlara görə İranın buna göz yumması bu ölkəyə hörmət gətirməyəcək”.
Vidadi ORDAHALLI