Elçin Mirzəbəyli: “Bütün bunlar onu göstərir ki, münaqişənin tənzimlənməsi ilə bağlı danışıqların getməsində maraqlı olmayan qüvvələr var”
Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan 22-23 mart tarixlərində Moskvaya gizli səfər edərək rusiyalı həmkarı Sergey Lavrovla məxfi görüş keçirib. Bu barədə Ermənistanın “168 saat” qəzeti etibarlı diplomatik mənbələrinə istinadən yazıb.
Məlumatda qeyd olunur ki, Mnatsakanyanın Lavrovla gizli danışıqları martın 29-da Vyanada Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutacaq ilk rəsmi görüşlə əlaqədardır: “Həmin görüşdə nələrin müzakirə ediləcəyi və tərəflərin konkret hansı məsələlər ətrafında danışıqlar aparacağı barədə məlumat verilmir. Amma aydındır ki, ən azı, nazirlər səviyyəsində bu cür görüşə hazırlıq gedir. Bir neçə gün əvvəl Mnatsakanyanla Lavrov arasında telefon söhbəti baş tutdu və onun məzmunu barədə açıqlama verilmədi. İndi isə bəlli olur ki, gizli telefon söhbətindən sonra Mnatsakanyan Moskvaya məxfi səfər də edib və bununla bağlı heç bir informasiya yaymayıblar”.
Daha sonra sözügedən mətbuat orqanı əldə etdiyi məlumatın dəqiqliyini yoxlamaq üçün Ermənistan XİN-ə sorğu göndərərək, 22-23 mart tarixlərində Mnatsakanyanın ölkədə olub-olmamasını öyrənmək istəyib. Ermənistan XİN-in sözçüsü Anna Naqdalyan isə sorğuya cavabında deyib ki, 21 martda xarici işlər naziri Z.Mnatsakanyan İrəvan şəhərində olub: “Amma 22 martda paytaxtda olmayıb. XİN bu haqda məlumat yaymayıb, çünki buna ehtiyac görməyib”.
Qəzet yazıb ki, XİN-in bu cavabı Ermənistan xarici işlər nazirinin martın 22-də Moskvada Rusiyanın baş diplomatı ilə məxfi danışıqlar apardığını və martın 23-nə keçən gecə İrəvana döndüyünü dolayısı ilə təsdiqləyir.
Mnatsakanyan özü isə yayılan xəbərləri şərh etmək üçün “Sputnik” və “Yerkir.am”a açıqlama verib. Ancaq maraqlıdır ki, o, Moskvada Lavrovla məxfi görüş keçirdiyini nə inkar, nə də təsdiq edib. Bununla belə, bildirib ki, martın 22-də həqiqətən də İrəvanda olmayıb.
O da məlumdur ki, Paşinyan baş nazir olandan sonra ilk dövrlərdə danışıqlardan yayınmaq üçün müxtəlif vasitələrə əl atdı. Ancaq bəlli bir müddətdən sonra bunun yaxşı nəticələnməyəcəyini anlayıb danışıqlara razılaşdı. Çox güman ki, beynəlxalq qurumların da bu yöndə ona təzyiqləri olub. Nəticədə o, razılığa gəlib. Bütün hallarda, indiki situasiyada Mnatsakanyanın Lavrovla məxfi görüş keçirməsində məqsəd nə ola bilər?
Məsələyə münasibət bildirən politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, bunda bir neçə məqsəd ola bilər: “Bu barədə Ermənistanın rəsmi mətbuat orqanları məlumat yaymayıb. Ancaq maraqlıdır ki, sözügedən məlumatı məhz Paşinyana yaxın olan mətbuat orqanları yayıb. Bu baxımdan qəribə situasiya yaranıb. Bu məlumat dezinformasiya xarakteri də daşıya bilər. O mənada ki, ola bilsin bununla ictimai rəyi öyrənməyə çalışırlar. Yəni Paşinyana müxalif olan qüvvələr buna hansı reaksiyanı verəcəklər. Ancaq belə bir məxfi görüşün keçirilməsi də mümkündür. Yəni Ermənistanın istənilən rəsmisinin Rusiyaya çağırılması və təlimatlandırılması mümkündür. Çünki ölkədə hakimiyyət dəyişsə də, Ermənistan forpost ölkədir. Bütün hallarda, Vyana görüşü ərəfəsində belə bir məlumatın mətbuata sızması təsadüfi ola bilməz. Fikrimcə, bu, Rusiyanın prosesdə aktivliyini önə çəkmək baxımından ortaya atıla bilər. Görünür, Rusiya bununla göstərmək istəyir ki, danışıqlar Vyanada keçirilsə də, Ermənistana təsir rıçaqı ona məxsusdur. Çox güman ki, Kreml bununla beynəlxalq ictimaiyyətə mesaj verir. Digər tərəfdən, eyni vaxtda Ermənistanın cəbhə xəttində təxribatları artırması da diqqəti cəlb edir. Bütün bunlar onu göstərir ki, Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqların getməsində maraqlı olmayan qüvvələr var. Yaxud da o ola bilər ki, Ermənistandakı hazırkı hakimiyyət məqsədyönlü şəkildə bu cür vəziyyət yaradır. İstəyirlər ki, danışıqların mövzusunu yenidən atəşkəs müstəvisinə çəksinlər. Nəzərə almaq lazımdır ki, Ermənistan oxşar texnologiyalardan bundan əvvəl də istifadə edib. Ona görə də bu məsələdə ehtimallar çoxdur. Əsas məqsəd odur ki, danışıqlar prosesi uzansın. Hesab edirəm ki, Ermənistanın bu və digər təxribatları artıq keçərli olmayacaq. Beynəlxalq ictimaiyyət bu məsələyə tutarlı cavab verəcək”.
Vidadi ORDAHALLI