ABŞ prezidenti Donald Tramp İsrailin Qolan yüksəklikləri üzərində suverenliyini ABŞ-ın rəsmən tanıdığını elan edən sənədi imzalayıb.
ABŞ prezidenti sənədə imzanı İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı atıb.
İsrailin özünü qorumaq hüququnun olduğunu deyə Tramp bildirib ki, gələcəkdəki barış anlaşmasında, İsrailin özünü İrandan və bölgədəki digər təhdidlərdən qoruması ehtiyacı nəzərə alınmalıdır. Tramp, İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatların "özünü müdafiə" mənasında haqlı olduğunu və Netanyahuya bu mövzuda tam dəstək verdiklərini söyləyib.
Netanyahu qarşılığında Amerika liderinə minnətdarlığını bildirib: "İsrail heç vaxt sizdən daha yaxşı dost görməyib".
Trampın İsraillə bağlı indiyi kimi verdiyi bütün sözlərə əməl etdiyini deyən Netanyahu, Qolan yüksəkliklərilə bağlı sənədin imzalanma gününü tarixi hadisə adlandırıb.
Mətbuat konfransından sonra Tramp canlı yayımda İsrailin Qolan yüksəklikləri üzərində suverenliyini tanıyan sənədi imzalayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Qolan təpələri üzərində İsrailin suverenlik haqqını tanıması məsələsinin BMT Baş Assambleyasında müzakirəyə çıxarılmasını tələb edib.
Ərdoğan Assambleya çərçivəsində ABŞ prezidentilə şəxsən görüşərək ona öz etirazını bildirmək niyyətindədir.
Türkiyə prezidenti deyib ki, BMT artıq bu barədə qərar qəbul edib və Trampla görüşərək, ona “Qolan təpələrini qızıl sinidə Netanyahuya seçki hədiyyəsi etməklə” böyük səhvə yol verdiyini şəxsən söyləmək istəyir. Ərdoğan deyib ki, Trampın bu addımı bütün dünyada sülhə təhdiddir və o əmindir ki, BMT “işğalın qanuniləşdirilməsinə” imkan verməyəcək.
Xatırladaq ki, daha öncə Tramp özünün Twitter hesabında ABŞ-ın İsrailin 1967-ci ildə Suriya ilə müharibə nəticəsində işğal etdiyi Qolan təpələri üzərində haqqını tanımasının zamanı gəldiyini yazmışdı.
Faktiki olaraq Tramp bununla çox təhlükəli presedentin əsasını qoyub. Onun qəbul etdiyi bu qərarın dünya üçün hansı fəsadları ola bilər?
Politoloq Nəzakət Məmmədova baki-xeber.com-a açıqlamasında bildirdi ki, Trampın addımı doğurdan da təhlükəli presedentin əsasını qoydu: «Qüdsün İsrailin paytaxtı kimi tanınmasına dair imzaladığı qərarın mürəkkəbi qurumamış ikinci şok effekti verən belə bir qərar doğurdan da təəssüfvericidir, beynəlxalq hüququn və mövcud beynəlxalq münasibətlərin təkzib edilməsidir. Bu, faktiki işğala bəraət qazandırmaqdır. Belə çıxır ki, Ermənistan Dağlıq Qarabağ ətrafında işğal etdiyi 7 rayonu da öz torpağı hesab edə bilər?! Doğrudur, ABŞ yaxud Rusiyanın beynəlxalq siyasətdəki addımları seçilmiş, lokal xarakteri daşıyır, necə ki, Kosovo və Krım məsələləri. Amma hər bir halda beynəlxalq hüquq hamı üçün eyni olmalıdır. Güclünün zəif üzərində hökmranlığı, hüququ görməzdən gəlməsi, beynəlxalq ədalətə riayət olunmaması yolverilməzdir. Qolan təpələri 1948-ci il mayın 14-də BMT qərarı əsasında İsrail dövləti yarananda onun hamılıqla tanınmış ərazi vahidinə daxil olmayıb. 1967-ci il “Harb əl-ayyamə” deyilən, bizim Altıgünlük müharibə dediyimiz Ərəb-İsrail savaşı zamanı İsrail tərəfindən işğal olunub. Müharibənin gedişatında zəbt edilən torpaqlar qaytarılmayıb və İsrail ərazisi kimi təsbit olunur. Həm də bunu indiyədək heç bir Amerika prezidenti etməmişdi ki, Tramp etdi”.
Politoloqun sözlərinə görə, həm də bu prosesin əsas mərkəzi Suriya torpaqlarının parçalanmasından başlayır: “Xatırlayırıq ki, Bərzani İraqda referendum keçirəndə ABŞ ona gözləməyi tövsiyə etmişdi. Məqsəd Yaxın Şərqin parçalanması planını İraqdan deyil, Suriyadan başlamaq idi. Məqsəd “Böyük İsrail” yaratmaqdır. ABŞ-ın bu addımı beynəlxalq hüququn getdikcə öz qüvvəsini itirməsinə, BMT qətnamələrinin mənasız sənədə çevrilməsinə, Yaxın Şərqdə və ümumilikdə beynəlxalq münasibətlər sistemində xaosa, sivilizasiyalararsı qarşıdurmanın güclənməsinə, güclünün zəif üzərində hegemonluğunun kristallaşmasına səbəb ola bilər”.
Məhəmmədəli QƏRİBLİ