Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi mövqeyindən çıxış edərək, işğalsı Ermənistanın bu məsələdə konstruktiv addımlar atacağına hələ də ümidlərini itirməyib. Məhz bu səbəbdən İrəvanla danışıqlar davam etdirilir və artıq müvafiq nəticələrin olmasını təkcə Azərbaycan yox, münaqişənin çözümündə vasitəçilik edən dövlətlər də istəyir. Hər halda, Minsk Qrupunun həmsədr ölkələrinin yaydığı son bəyanat da bunun təsdiqi sayılır.
Ermənistanda hesab edirlər ki, yaranmış vəziyyətdə İrəvanın konflikt ətrafında status-kvonu saxlaması getdikcə çətinləşir. Məsələn, erməni hərbi ekspert Davit Camalyan vurğulayır ki, status-kvonun saxlanmasına cəhd yeni savaşı tətikləyəcək və bu da Ermənistanın indiki vəziyyətində ölkəyə müsbət heç nə vəd etmir. Onun sözlərinə görə, Ermənistanın digər seçimi “Madrid prinsipləri” əsasında münaqişənin həllidir: “Amma “Madrid prinsipləri” Qarabağın mərhələli şəkildə Azərbayacana geri qaytarılması sxemidir. Bakının əsas istəyi budur və İrəvan da bilməlidir ki, Azərbaycan heç vaxt Qarabağı güzəştə getməyəcək. Qarabağın danışıqlar masasına qaytarılması tələbini indiki məqamda düzgün atılmış addım hesab etsəm də, bu məsələdə Azərbaycan və həmsədrlər tərəfindən Ermənistanın əks təzyiqlərə məruz qalacağını da istisna etmirəm. Fikrimcə, Ermənistan tərəfi mövqeyini kəskinləşdirəcəyi təqdirdə, qarşı tərəfin müharibəyə əl atması qaçılmaz olacaq”.
Maraqlıdır ki, beynəlxalq miqyasda da Ermənistana bu xüsusda edilən xəbərdarlıqların sayı artır. Burada əsas diqqət ona yönəldilir ki, İrəvan Bakının artan hərbi gücü ilə hesablaşmaqla özünü böyük fəlakətlərdən xilas etmiş olar. Yeri gəlmişkən qeyd edək ki, son illər Azərbaycanın öz hərbi qüvvəsini xeyli artırdığını təkcə müttəfiqləri, həmçinin hərbi ekspertlər deyil, Ermənistan özü də təsdiq edir. Sözsüz ki, hərbi quruculuq sahəsində məqsədyönlü işlər ilk növbədə 30 ilə yaxındır hərbi təcavüzlə üzləşən ölkənin ərazi bütövlüyünü bərpa etmək zərurətindən doğur. Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etmək niyyətinə sadiq olduğunu dəfələrlə bildirmiş Azərbaycan eyni zamanda işğal olunmuş torpaqlarını geri qaytarmaq üçün, zərurət yaranacağı təqdirdə, başqa üsullardan yararlanmaq hüququnu özündə saxladığını elan edib. Bu xüsusda Prezident İlham Əliyev də dəfələrlə bildirib ki, Azərbaycan ordusu işğal altındakı torpaqlarının bir hissəsini 2016-cı ilin aprel döyüşləri zamanı, eləcə də Naxçıvan istiqamətində uğurlu əməliyyat nəticəsində geniş ərazini nəzarəti altına aldığı 2018-ci il may ayında olduğu kimi, düşmənə layiqli cavab verib və bundan sonra da verəcək. Dövlət başçısı Azərbaycan ordusunun modernləşməsi, ən son silah və texnika ilə təchizatı istiqamətində ardıcıl siyasət aparıldığını qeyd edib:“Biz bundan sonra da böyük vəsaitlər ayırmaqla döyüş qabiliyyətimizi yüksəldəcəyik”. Ölkə prezidenti bu gün ağır vəziyyətdə olan Ermənistan ordusunun Azərbaycanla rəqabət aparacaq səviyyədən uzaq olduğunu diqqətə çatdırıb. Məsələnin bu tərəfinə nəzər salan rusiyalı hərbi ekspert Andrey Frolov bildirib: “Şübhəsiz ki, ordusunu modernləşdirmək baxımından keçmiş SSRİ ölkələri arasında irəlidə olan Azərbaycan bu mənada Rusiya və müəyyən dərəcədə Qazaxıstanla müqayisə oluna bilər. Bildiyimiz kimi, bu proses 2000-ci illərin ortalarında daha böyük vüsət alıb. Hazırkı Azərbaycan ordusu ilə 15 il əvvəlki Azərbaycan ordusunun texniki imkanlarının fərqli olduğunu tam arxayınlıqla söyləyə bilərik”.
Ekspertin dediyinə görə, Azərbaycan ordusunun modernləşdirilməsi istiqamətində böyük nailiyyətlər qazanması regionda qüvvələr nisbətinə təsirsiz ötüşə bilməzdi: “Ermənistan da Azərbaycanın hərbi quruculuğundakı uğurları ilə ayaqlaşmağa çalışır və Rusiya ilə son müqavilə buna sübut sayıla bilər. Lakin fikrimcə, onlar yenə də Azərbaycanın, xüsusilə hücum silahları sahəsində əldə etdiyi dinamikaya tam şəkildə yetişə bilmirlər”.
Rusiyanın daha bir hərbi eksperti Yevgeni Mixaylov isə son hərbi islahatlar nəticəsində Azərbaycan ordusunun nəinki regionun, dünyanın belə ən güclü orduları ilə bir sıraya daxil olduğunu diqqətə çatdırıb: “İstər müdafiə, istərsə də hücum əməliyyatlarını təkmilləşdirməyə yönələn təlimlər ordunun təchizatının da, hazırlığının da ən yüksək səviyyədə olduğunu söyləməyə əsas verir”. Onun sözlərinə görə, son hərbi islahatlar nəticəsində Azərbaycan ordusu nəinki regionun, bütün dünyanın belə ən güclü orduları ilə bir sıraya daxil olub. Azərbaycan mütəmadi olaraq genişmiqyaslı hərbi təlimlər keçirir. Bu ayın ortalarında keçirilən son təlim çərçivəsində döyüş atışları da icra olunub. Y.Mixaylovun fikrincə, istər Rusiyadan, istərsə də başqa ölkələrdən müasir silahlar tədarük etməklə hərbi qüdrətini artıran Azərbaycanın bu siyasəti Ermənistanı təşvişə salır, yeni silahlar almaq üçün kredit dilənməyə vadar edir: “2018-ci ilin may ayında Naxçıvan istiqamətində işğal altındakı torpaqlarının bir hissəsini geri qaytarmaqla Azərbaycan ordusu döyüş qabiliyyətini ortaya qoydu. Heç şübhəsiz, o vaxt döyüşlər dayandırılmasaydı, bu gün bölgədə fərqli gerçəkliklə üz-üzə olardıq. Yalnız üçüncü qüvvələrin diplomatik müdaxiləsi Ermənistana zahiri dövlətçiliyini qoruyub saxlamağa kömək edib”.
Qeyd edək ki, Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) məlumatına görə, 2014-2018-ci illər ərzində silah idxalına görə Azərbaycan dünyada 23-cü yerdə olub. Tədarükçülər arasında Rusiya (51 faiz), İsrail (43 faiz), Türkiyə (2,8 faiz) önə çıxıb. Ərazi bütövlüyünün bərpasını milli mənafeyin qorunması baxımından birinci dərəcəli vəzifə olaraq görən Azərbaycan bundan sonra da müasir silah və sursatın idxalını artıracağını açıq bəyan edir.
İndi həmsədr ölkələr, eləcə də digər dünya dövlətləri Ermənistana Azərbaycanın hərbi gücü ilə hesablaşmağı məsləhət görür. Əks təqdirdə Ermənistanın böyük problemlərlə üzləşəcəyi açıq mətnlə vurğulanır. İndilikdə isə əsas gözləntilər Prezident İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında gözlənilən ilk rəsmi görüş üzərində cəmləşib. Məhz bu görüşdən sonra İrəvanla Qarabağ məsələsində dialoqu davam etdirmək, yoxsa məsələni hərb müstəvisində çözmək istiqamətində daha dəqiq proqnozlar vermək mümkün olacaq. Hesab edilir ki, bunun Əliyevlə Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ilk rəsmi səviyyəli görüş olacağından, danışıqlar prosesinin irəliləyəcəyinə müəyyən ümidlər bəsləmək olar. Amma o da aydındır ki, danışıqlar prosesi uğurla nəticələnməsə, Azərbaycanın məsələni hərbi yolla çözməkdən başqa çıxış yolu qalmayacaq. Rəsmi Bakı dəfələrlə bildirib ki, Qarabağ münaqişəsi dinc yolla həllini tapmasa, Azərbaycanın istənilən, o cümlədən hərbi yolla məsələni həll etmək hüququnu özündə saxlayır. Hərbi ekspert Şair Ramaldanov da vurğulayır ki, Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində düşmənin işğalçı birləşmələrini məhv etməyə və ölkənin ərazi bütövlüyünü bərpa etməyə qadirdir: “Son məlumatlara görə, ən nüfuzlu beynəlxalq təşkilatlar dünyanın ən güclü orduları sırasında Azərbaycanı 53-cü yerdə göstərir. Həmin reytinqdə 130 ölkənin hərbi göstəriciləri 50 parametr əsasında müqayisə olunub. Başqa cür desək, Azərbaycan ən qüdrətli ordusu olan 53 ölkədən biridir. Analitiklərin, xüsusilə rusiyalı hərbi ekspertlərin son çıxışlarına diqqət yetirsək, onlar Azərbaycan ordusunu yüksək qiymətləndirir və erməni tərəfini danışıqlar masası arxasına əyləşməyə səsləyirlər, çünki erməni tərəfi Azərbaycan Respublikasının zərbəsi və bu gün malik olduğu gücə qarşılıq vermək iqtidarında deyil. Ona görə ki, Ermənistan Azərbaycan ordusunun bu gün sahib olduğu qüdrət qarşısında tab gətirməyə qadir deyil. Bunu əminliklə demək olar ki, Azərbaycan ordusu işğal altında olan torpaqların azad edilməsi üçün genişmiqyaslı əməliyyat aparmağa tam hazırdır. Bunun üçün lazım olan bütün işlər görülüb və görülür. Bu gün Azərbaycanın hərbi sənayesi də sürətli şəkildə inkişaf edir. Silahların əksər komponentləri yerli hərbi sənaye komplekslərində istehsal olunur. Bəli, ağır texnika da alınır, bundan başqa pilotsuz uçan aparatların, o cümlədən, zərbəçi dronların yaradılması ilə bağlı geniş proqram ərsəyə gətirilib. Ermənistan danışıqlar masasına əyləşməsə, konstruktiv mövqe tutmasa, günü sabah Ali Baş Komandan əmrini verəcək və Azərbaycan Silahlı Qüvvələri öz sözünü deyəcək”.
Burada bir məqamı da qeyd edək ki, Azərbaycanın Ermənistana münasibətdə tətbiq etdiyi unikal strategiyanın əsasında onunla təkcə hərbi müstəvidə deyil, diplomatik anlamda da mübarizə aparması dayanır. Hər halda, İrəvanın diplomatik müstəvidə aldığı çoxsaylı zərbələr də bunu təsdiq edir. Ekspertlər hesab edir ki, Azərbaycanın güclü diplomatiyasının arxasında həm də güclü hərbi qüdrəti dayanır. Azərbaycan iqtisadi potensialından hərbi qüdrətini artırmaq üçün səmərəli istifadə edir. Bu gün Ermənistanın hərbi müttəfiqlərinin belə Azərbaycanla hərbi əməkdaşlıq etməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmləndiyini göstərir. Bütün bunlar aydın şəkildə nümayiş etdirir ki, Bakı həm diplomatik, həm də hərbi müstəvidə Ermənistanı diz çökdürməkdə davam edir. Bu mənada, əslində Ermənistanın Bakının istədiyi kimi substantiv və nəticəyönümlü danışıqların davam etdirilməsindən başqa çıxış yolu da yoxdur. Digər tərəfdən, beynəlxalq ictimaiyyətə çox yaxşı bəllidir ki, Ermənistan BMT nizamnaməsini kobud şəkildə pozaraq qanunsuz şəkildə gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal edib. Elə bu səbəbdən Ermənistana dünya miqyasında da təzyiqlər artır. Bu fonda münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı və qonşularla, nəhayət, sivil münasibətlər qurmalıdır. Əks təqdirdə bu ölkənin məhvi qaçılmazdır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.