Fikrət Sadıqov: “Nəzərə almaq lazımdır ki, İran ABŞ-ın ciddi sanksiyalarına məruz qalır”
“ABŞ İran vasitəsilə Ermənistandan qaz nəqli layihəsinə mane ola bilər”. Bu barədə erməni mətbuatına açıqlamasında Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, turkoloq Ruben Safrastyan deyib.
Onun sözlərinə görə, 27 fevralda İran Prezidenti Həsən Ruhani baş nazir Nikol Paşinyanla mətbuat konfransında İranın Ermənistana qaz tədarükünün artırılmasına, eyni zamanda, Gürcüstana qaz ixracatı mövzusunda üçlü əməkdaşlığa hazır olduğunu söyləyib: “Xüsusi layihələr və proqramları həyata keçirmək üçün hər iki tərəfdə vaxt və qətiyyət lazımdır. Çünki bununla bağlı ABŞ-ın təzyiqinin olacağını istisna etmirəm”.
R.Safrastyanın fikrincə, İran ciddi şəkildə Ermənistanla strateji əməkdaşlığı yeni səviyyəyə qaldırmaq niyyətindədir. Eyni zamanda, ekspert qeyd edib ki, guya bu layihənin həyata keçirilməsi Azərbaycanın imkanlarını zəiflədəcək.
O da məlumdur ki, Ermənistan baş nazirinin İrana səfərindən sonra İran qazının Ermənistana və Gürcüstana çatdırılması və oradan Avropa bazarlarına çıxarılacağı barədə müxtəlif fikirlər səslənir. Əsasən erməni siyasətçiləri və ermənipərəst qüvvələr hesab edirlər ki, İran qazı tezliklə Ermənistana və Gürcüstana çatdırıla bilər. Guya bu, regionda siyasi, ictimai, iqtisadi və digər münasibətlərin, əlaqələrin dəyişməsinə səbəb olacaq. Ancaq R.Safrastyanın açıqlaması göstərir ki, Ermənistanın elit dairələri buna ciddi şübhə ilə yanaşırlar. Onun bu yöndə açıqlaması sözügedən məsələ ilə bağlı əsaslı bir inamsızlığın, şübhənin əlamətidir. O baxımdan bunu ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Ermənistandakı elmi dairələr İran qazının bu ölkə vasitəsilə Gürcüstana çəkilməsinə inanmır: “Onların bununla bağlı səsləndirdikləri fikirlərdə həqiqət payı var. Düzdür, İran bir sıra istiqamətlərdə Ermənistana kömək edir. İran Ermənistan üçün bir pəncərədir, qapıdır. İran olmasa, Ermənistan təcrid olar. Ancaq indiki situasiyada İrandan Ermənistana qaz xəttinin çəkilməsi böyük şübhə altındadır. Çünki İran sanksiyalar altındadır. Baxmayaraq ki, Ermənistanın belə qaz kəmərinə böyük ehtiyacı var. Nəzərə almaq lazımdır ki, İran ABŞ-ın ciddi sanksiyalarına məruz qalır. Bu ölkədə ciddi iqtisadi problemlər var. Ona görə də Ermənistanda müəyyən elmi elitaya aid olan dairələr bunu başa düşdükləri üçün, İrandan qaz xəttinin çəkilməsinə ciddi yanaşmırlar. Onların bununla bağlı arqumentləri əsaslıdır. Populist bəyanatlar bu məsələdə nəyisə dəyişmir. İstənilən halda, sözügedən məsələ problemlidir. Ən azından, yaxın illərdə bunun reallaşmayacağı şübhəsizdir. İran ətrafında vəziyyətin kifayət qədər mürəkkəb olduğu bir dövrdə Birləşmiş Ştatlar bütün vasitələrlə buna mane olmağa çalışa bilər”.
Vidadi ORDAHALLI