Yeganə Hacıyeva: “Ermənistanın siyasətini ifşa etmək gücündə olan belə qabaqlayıcı tədbirlər daim keçirilməlidir”
Ermənistan parlamentinin sədri Ararat Mirzoyanın Almaniyaya səfəri fiaskoya uğrayıb. Belə ki, Ermənistanın yüksək çinli məmuru rəsmi səfər çərçivəsində Bundestaqda olarkən martın 18-də Almaniya parlamentində Xocalı soyqırımı daxil olmaqla, Cənubi Qafqazda təhlükəsizlik və sabitlik mövzusunda konfrans – Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı “Cənubi Qafqazda sabitlik və təhlükəsizlik.
Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri" mövzusunda 7-ci simpozium keçirilib. Təbdirdə Almaniya Bundestaqının üzvləri, Xarici İşlər Nazirliyinin (XİN) məsul nümayəndəsi, jurnalistlər, ictimai-siyasi xadimlər iştirak ediblər. Bütün bu yaşananlar Ermənistanın Almaniya ilə bağlı siyasətinin növbəti iflası sayıla bilərmi?
Politoloq Yeganə Hacıyevanın sözlərinə görə, Azərbaycanın təşəbbüsü ilə keçirilən bu tip tədbirlər işğalçı ölkə rəsmilərinin səfərlərinin effektini azaltmış olur: “Bilirsiniz ki, Azərbaycanın yaxın münasibətdə olduğu ölkələrdən biri də Almaniyadır. Həmin ölkədə çox güclü türk və Azərbaycan diasporu var. Eyni zamanda, Azərbaycanın Almaniya ilə iqtisadi, ticarət münasibətləri də yüksək səviyyədədir. Ölkələrimiz arasındakı əlaqələr bütün istiqamətlər üzrə normal şəkildə davam edir. Diplomatik müstəvidə də Almaniya Dağlıq Qarabağ münaqişəsilə bağlı daim obyektiv mövqe tutub. Təsadüfi deyil ki, Azərbaycandan dəfələrlə ATƏT-in Minsk Qrupu həmsədr ölkələrindən birinin Almaniya ilə əvəzlənməsi təklifi irəli sürülüb. Avropa ölkələri sırasında məhz Almaniyanın adının bu kontekstdə çəkilməsi təsadüfi deyil. Deməli, onun mövqeyi bizi qane edib ki, belə yanaşma ortaya qoyulur. Son vaxtlar Ermənistanın xarici siyasət kursunda maraqlı tendensiya nəzərə çarpır. Onlar daha çox Azərbaycanla yaxın olan ölkələrlə əməkdaşlığı genişləndirməyə cəhdlər edirlər. İlk belə təşəbbüsü biz İsraillə bağlı gördük. Ermənistan orada səfirlik açmaq istədiyini bəyan etdi. Maraqlıdır, maddi vəziyyətin ağır olması səbəbindən əksər dünya ölkəsində səfirliyini bağlayan Ermənistanın birdən-birə məhz İsrailə meyllənməsi onların yeni siyasət konturları barədə aydın təsəvvür yaradır. Növbəti hədəf kimi Almaniyanı seçiblər. Almaniyada soydaşlarımızın keçirdiyi tədbirlər bir daha sübut etdi ki, bizim həmin ölkə ilə bağlarımız sarsılmazdır. Bu, Ermənistana Avropadan verilən növbəti sərt mesaj oldu. Paşinyan Brüssel səfərində formatı dəyişməyə cəhd etdi, alınmadı. Sonra həmsədrlər korrekrt bəyanatla Ermənistanı dalana dirədilər. Ardınca Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıyan növbəti qətnaməni qəbul etdi. Almaniyada isə soydaşlarımız Ermənistan xarici siyasətinə növbəti qırmızı kartı göstərdilər. Hesab edirəm ki, Ermənistanın siyasətini ifşa etmək gücündə olan belə qabaqlayıcı tədbirlər daim keçirilməlidir”.
Məhəmmədəli QƏRİBLİ