Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll ediləcəyi təqdirdə Azərbaycan ordusunun çox qısa müddət ərzində erməni silahlı qüvvələrini darmadağın edəcəyi artıq heç kimə, o cümlədən işğalçı ölkənin özünə də sirr deyil. Çünki ötən illər ərzində Azərbaycan düşmən üzərində hərbi müstəvidə kifayət qədər böyük üstünlüklər əldə etməyə nail olub.
Bununla yanaşı, diplomatik müstəvidə də üstünlük birmənalı şəkildə Azərbaycanın tərəfindədir. Beynəlxalq miqyasda Ermənistanın işğal siyasətinə qarşı mövqelərin sayının artması da bunun təsdiqidir. Başqa bir önəmli məqam isə geosiyasi faktorlarla bağlıdır.
Hazırda dünyanın böyük güc mərkəzləri arasında münasibətlər və onların Qafqaza baxışı tamam fərqli bir mənzərə yaradır və bu hal mütləq mənada Qarabağ münaqişəsinə də öz təsirini göstərəcək. Məsələnin bu tərəfinə nəzər salan Amerikanın nüfuzlu “beyin mərkəzləri”ndən olan “Stratfor” özünün 2019-cu il üçün geosiyasi proqnozlarında yeni geosiyasi durumun Qarabağ münaqişəsinin həllini tezləşdirə biləcəyini istisna etmir. Analitik mərkəz qlobal geosiyasi dinamikaya başlıca olaraq ABŞ-Rusiya münasibətləri fonunda nəzər salıb. "Stratfor"un analiz və proqnozları Vaşinqtonla Moskva arasında bir neçə istiqamətdə meydana gələ biləcək problemləri göstərib və onları xarakterizə edib. Belə görünür ki, bütövlükdə 2019-cu ildə geosiyasi mənzərə daha gərgin məqamlarla xarakterizə oluna bilər. “Stratfor” vurğulayır ki, Vaşinqton Rusiyaya Şərqi Avropa ölkələri, Cənubi Qafqaz və Mərkəzi Asiyanı əhatə edən keçmiş sovet məkanı vasitəsilə təzyiq göstərmək planına da malikdir. Bu xüsusda Amerikanın Ermənistandan istifadə edəcəyi barədə “Stratfor” açıq fikir ifadə edir. Analitik mərkəz hesab edir ki, ABŞ Ermənistandan Moskvaya qarşı istifadə üçün müəyyən gedişlər edəcək. Məsələn, qeyd olunur ki, Vaşinqton İrəvana silah sata bilər. Bu məsələdə o, Rusiyaya rəqib kimi meydana çıxar. O da bildirilir ki, Vaşinqton Nikol Paşinyan vasitəsilə Ermənistanda siyasi rejimi özünə tərəf çəkməkdə davam edəcək.
“Stratfor” reallıqda Ermənistanın ikili mövqe tutamağa çalışacağını vurğulayır, lakin hər bir halda Vaşinqtonun bu kiçik forpost ölkəni şirnikdirməkdə davam edəcəyini proqnozlaşdırır. Belə vəziyyətdə Rusiyanın Ermənistanı cəzalandırmaq üçün hərəkətə keçməsi gözlənir. Bununla belə, “Stratfor”un analitikləri hesab edirlər ki, Amerika Ermənistana daha çox təsir etməyi düşünür. Qeyd olunur ki, Vaşinqton Ermənistan hökuməti ilə əlaqələri möhkəmləndirməyə diqqət yetirəcək. Bunun üçün ABŞ Ermənistanla Rusiya arasında soyuqluq yaratmaq taktikasını davam etdirəcək. Qurumun analitiklərinin fikrincə, məhz buna görədir ki, ABŞ prezidentinin təhlükəsizlik müşaviri Con Bolton İrəvanda Ermənistana silah satıla biləcəyindən bəhs edib. “Stratfor” bununla bağlı vurğulayır: “Baxmayaraq ki, Ermənistan sona qədər Rusiya ilə strateji yaxınlıqdan imtina etməyəcək, onlar arasındakı siyasi ixtilaflar Birləşmiş Ştatlara Moskvanın əyalətdəki açar müttəfiqini ondan ayıra bilmək imkanı yarada bilər”. Buradan aydın görünür ki, Amerika Rusiya ilə Cənubi Qafqazda aparacağı intriqa oyununu başlıca olaraq Ermənistan üzərindən qurmağı planlaşdırır. Elə bu da Kremli ciddi surətdə narahat edərək qabaqlayıcı addımlar atmağa vadar edir. “Stratfor”un analitikləri hesab edirlər ki, Vaşinqton Azərbaycandan Rusiyaya qarşı deyil, İrana qarşı istifadə etməyə çalışacaq. Lakin bildirilir ki, indiyə qədər belə cəhdlər faydasız olub və vəziyyətin elə bu şəkildə qalması gözlənilir. Amma məsələ bundadır ki, Azərbaycan neytrallığını qorumaqla Rusiya üçün əsas tərəfdaşa çevrilir. Məhz bu şəraitdə Rusiyanın Qarabağ məsələsində daha çox Azərbaycanın yanında yer alması gözlənilir. Rusiya görür ki, Azərbaycan müstəqil siyasət yeridir və ona kimsə öz maraqlarını diqtə edə bilməz. Bundan başqa, Bakı ilə Moskva arasında yaxın əlaqələr mövcuddur və Bakının bu istiqamətdə hər hansı dəyişiklik etmək fikrində olmadığı bütün dünya güclərinə məlumdur. Bütün bunlardan bir daha aydın olur ki, Amerika öz maraqlarını təmin etmək üçün Ermənistandan Rusiyaya qarşı istifadə etmək niyyətindədir. Moskvanın mümkün cavab tədbirləri Ermənistan üçün böyük fəlakət sayılır və gözlənir ki, yaranmış durumda Kremlin İrəvana Qarabağ təzyiqləri artsın. Beləliklə, yeni geosiyasi vəziyyət Azərbaycanın istəklərinə tam cavab verir.
Digər tərəfdən, Qarabağ münaqişəsinin həllinə təsir göstərə biləcək daha bir vacib məqam Ermənistan erməniləri və Qarabağ erməniləri arasında artan ziddiyyətlərdir. Belə görünür ki, Paşinyan Qarabağ ermənilərinin onun üçün yaratdığı ciddi problemlərdən çox narahatdır. Ermənistanın milli təhlükəsizlik şurasının keçmiş katibi, Respublika Partiyasından deputatlığa namizəd David Şahnazaryan bu amilin də Qarabağ konfliktinin gedişinə ciddi şəkildə təsir göstərə biləcəyini vurğulayır: “Bütün bunlara görədir ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı variantlarla razılaşdı”. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti anti-Qarabağ siyasəti yürüdür: “Bunlardan biri Yuri Xaçaturova qarşı cinayət işinin qaldırılmasıdır. Bu siyasətin nəticəsində Ermənistan bütün gücünü itirdi və bunu anlayan Azərbaycan ərazilərin qaytarılması ilə bağlı ciddi addımlara hazırlaşır. Faktiki olaraq, Vyana, Sankt-Peterburq və Cenevrə çağırışları aradan qalxdı. İndi Qarabağ ətrafındakı rayonların qaytarılması və status məsələsi müzakirə olunur. Əvvəllər “ərazilər əvəzinə status” əsas prinsip idi, indi “ərazilər əvəzinə təhlükəsizlikdir”. Şahnazaryan hesab edir ki, Paşinyanın hakimiyyəti ərazilərin qaytarılması ilə nəticələnəcək və İrəvan beynəlxalq ictimaiyyətin, xüsusilə Vaşinqtonun vaxtaşırı səsləndirdiyi variantlarla razılaşıb.
Hazırda görünən odur ki, Paşinyan həqiqətən də "Qarabağ klanı"nın mövqeyini zəiflətməyə çalışır. Düzdür, Paşinyan ilk zamanlar Azərbaycana qarşı sərt bəyanatlar səsləndirməklə “Qarabağ klanı”nın dəstəyini almaq niyyətində idi. Lakin sonrakı proseslərdə Paşinyanın “Qarabağ klanı”na bağladığı ümidlər özünü doğrultmadı. Qarabağdakı separatçı rejimin keçmiş iqtidarı dəstəkləməsi faktı Paşinyanın klana qarşı siyasətində dəyişikliklərə getməsinə səbəb oldu. Paşinyanın separatçı rejimin ünvanına sərt bəyanatlarının da buradan qaynaqlandığı istisnalıq təşkil etmir. Bu baxımdan, hazırkı vəziyyətdə Paşinyan “Qarabağ klanı”nı özünə qarşı maneə olaraq görür. Paşinyan görür ki, bu klanı siyasətdən çıxara biləcəksə, kresloda oturmağa davam edəcək. Ekspertlərə görə, bunları nəzərə alan Paşinyan, böyük ehtimalla, münaqişənin həlli üçün Azərbaycanla lazım olan müqaviləni bağlamağa da gedə bilər. Separatçı rejimlə Paşinyan arasında yaşanan gərginlik hazırda Ermənistanda böyük bir narahatlığa səbəb olub. Belə ki, Ermənistan Milli Assambleyasının xarici əlaqələr komissiyasının keçmiş sədri Armen Aşotyan bu xüsusda açıq narahatlığını bildirib: “Bu hakimiyyət Ermənistanın maraqlarını müdafiə etmək qabiliyyətində deyil. Nikol Paşinyanı Qarabağ və onun problemlərindən kilometrlərlə aralı tutmaq lazımdır". Ermənistanın sabiq müdafiə naziri, qarşıdakı parlament seçkilərində Respublika Partiyasının siyahısına başçılıq edən Vigen Sarkisyan da eyni mövqeni bölüşür: “Mən hamını, o cümlədən baş naziri, ordu rəhbərliyini seçkiqabağı mübarizəni bir anlıq unutmağa çağırıram. O tezliklə bitəcək və biz Azərbaycanla, onun çox güclü 100 minlik ordusu ilə üz-üzə qalacağıq. Biz cavab vermək üçün hazır olmalıyıq". Bütün bunlar Qarabağ məsələsində Ermənistanın özündə də dəyişikliklər olduğunu göstərir. Daha bir maraqlı fakt odur ki, işğal edilmiş ərazilərdə yaradılan qondarma rejimin tərkibində də parçalanma müşahidə olunur. Güc strukturları nümayəndələri olmaqla qondarma qurumun “milli təhlükəsizlik şurası”nın sədri Vitali Balasanyan, “milli təhlükəsizlik xidməti”nin sabiq direktoru Arşavir Qaramyan və onun tərəfdarları, digər tərəfdən isə Qarabağın sabiq “baş naziri”, hazırda Saakyanın “müşaviri” vəzifəsini tutan, Qarabağdakı ən böyük siyasi qüvvə hesab olunan “Azad Hayrenik” partiyasının rəhbəri Arayik Harutyunyan qarşı-qarşıya gəlib. Separatçı rejimin güc strukturlarının təmsilçiləri, əksinə olaraq, Paşinyanın əleyhinə çıxmaqla Ermənistandakı hakimiyyətə qarşı durmaq istəyirlər.
Erməni mediası yazır ki, İrəvandakı rəhbərliyin Qarabağ separatçıları ilə ictimai formada bu cür qarşıdurmaları və bir o qədər də qeyri-müəyyən davranışları ilk dəfədir baş verir. Yazılanlara görə, təəccüb doğuran məqam odur ki, Paşinyan gah Qarabağın müstəqil olduğunu və İrəvanın onunla bağlı heç bir "hüquqa" malik olmadığını deyir, gah da Ermənistanın danışıqlar prosesində tərəf kimi iştirakını davam etdirəcəyini bəyan edir. İndi də Qarabağ separatçılarına qarşı hədələyici çıxışlar edir. İstisna edilmir ki, Paşinyan Respublika Partiyası və onun rəhbəri, ”Qarabağ klanı”nın üzvü Serj Sarkisyanın münaqişə kartından seçkilərdə ona qarşı istifadə edə biləcəyindən qorxduğu və Qarabağ rəhbərliyini hələ də tam öz tərəfinə çəkə bilmədiyi üçün bu cür gedişlərə əl ataraq, vəziyyəti daha da gərginləşdirir. "Jamanak" qəzetinin yazdığına görə, hakimiyyətdə olduğu müddətdə Ermənistanın daxili və xarici siyasətində ciddi və effektiv dəyişikliklərə nail ola bilməyən Paşinyan Respublika Partiyasının onu ən həssas nöqtədən – Dağlıq Qarabağ probleminə yanaşması müstəvisində vura biləcəyindən ehtiyatlanaraq ”Qarabağ klanı”na qarşı sərt mövqe sərgiləyir. Bu isə Ermənistanda Qarabağ qarşıdurmasını daha da dərinləşdirir. Belə durumda erməni cəmiyyətində Qarabağ məsələsi ilə bağlı müqavimətin daha da zəifləməsi gözlənir ki, bu hal da Azərbaycanın lehinədir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.