Daşdəmir Əliyev: “Hətta erməni blogerləri belə bizim informasiyaların doğruluğunu təsdiqləyən materialları sosial şəbəkələrdə yerləşdiriblər”
Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan ölkədə keçiriləcək parlament seçkisi ilə bağlı populist çıxışlar etməkdə və əhaliyə yalan vədlər verməkdə davam edir.
O, Ararat rayonundakı çıxışında bildirib ki, guya ölkəsi bütün sərhəd boyu strateji üstünlüyü əlində saxlayır: “Mənim baş nazir seçilməyimdən sonra Azərbaycan Naxçıvan istiqamətində 11 min hektar ərazini azad etdiyini bildirdi. Bizim ölkədə də buna inananlar çox oldu. Bu yaxında mən həmin istiqamətdəki təmas xəttində oldum və bir daha əmin oldum ki, bizim əsgərlərimiz bütün vəziyyəti nəzarət altında saxlayırlar”.
Göründüyü kimi, bununla Paşinyan Naxçıvanda keçirilən Günnüt əməliyyatının guya uydurma olduğu ilə bağlı rəy formalaşdırmağa çalışır. Onun bu iddialarını nə dərəcədə əsaslı saymaq olar?
Hərbi ekspert Daşdəmir Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, Paşinyan növbəti dəfə ağ yalan danışır: “Fikir verirsinizsə, o bu yalanını Ararat rayonunda dilinə gətirib. Həmin ərazilər Naxçıvanla həmsərhəddir. Seçkiqabağı həssaslığı lazımınca dəyərləndirə bilir. Ona görə də məhz həmin bölgədə əldə olunan uğurlarla bağlı belə yalan danışır. Paşinyan Ermənistanla olan sərhəddən danışır. Yəni Dağlıq Qarabağ və onun ətrafındakı rayonları nəzərdə tutmur. Biz heç kimin sərhədini pozub, ərazisini işğal etmək kimi niyyəti qarşıya qoymamışıq. Buna görə də bizim ordunun Ermənistanla birbaşa sərhəd olan ərazilərdə həmlələri olmayıb. Söhbət Naxçıvandakı Günnüt əməliyyatından gedirsə, bəli, həmin istiqamətdə bizim ciddi uğurumuz olub. Həmin ərazilər də bizim özümüzə məxsus olub. Neytralda qaldığı üçün vaxtilə ermənilərin əldə etdikləri üstün mövqeyə görə həmin əraziyə tam nəzarəti itirmişdik. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatı nəticəsində biz 11 min hektar əraziyə nəzarəti bərpa etdik. Hətta Ermənistanı Dağlıq Qarabağla birləşdirən magistral yola belə nəzarət etmək imkanını ələ götürdük. Azərbaycan tərəfi Naxçıvanda əldə olunan hərbi irəliləyişlə bağlı ciddi dəlillər ortaya qoyub, videoçəkilişlər təqdim edib. Hətta erməni blogerləri belə bizim informasiyaların doğruluğunu təsdiqləyən materialları sosial şəbəkələrdə yerləşdiriblər. Günnüt istiqamətində əldə edilən uğurları Paşinyan nə qədər çalışsa, təkzib edə bilməz. Onun Ermənistan ordusu ilə öyünməsi çox gülünc görünür. Bu günlərdə onların yüksək rütbəli bir generalı gedib Rusiyaya yalvarırdı ki, nə edirsinizsə edin, amma çalışın müharibəyə yol verməyin. Güclü ordusu olan ölkə belə rəzilliyə əl atarmı? Paşinyan yadında yaxşı saxlasın ki, Azərbaycan Ordusu qısa zamanda öz sözünü deyəcək və işğal altındakı bütün ərazilərimizi azad edəcək. Bu bizim haqqımızdır. Hələlik isə qoy seçkisini keçirsin. İndiki məqamda bizim Dağlıq Qarabağ istiqamətində hərbi əməliyyatlara başlamağımıza başqa don geyindirilə bilər. Beynəlxalq ictimaiyyət bizi seçkini pozmaqda günahlandıra bilər. Ona görə də Paşinyanın az da olsa vaxtı var, qoy nə qədər istəyirsə, yalan danışsın”.
Məhəmmədəli QƏRİBLİ