Beynəlxalq Qızıl Xaç Komitəsi hər hansı ərazidən keçəcək istənilən nəqliyyat vasitəsi və daşıdığı yük, insan barədə aidiyyəti dövlət qurumlarına əvvəldən məlumat verir.
Trend xəbər verir ki, bu barədə BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
O qeyd edib ki, razılıq gəlmədən heç bir hərəkət ola bilməz.
"Əlaqədar qurumların da həmin nəqliyyat vasitələrini və ya yükləri yoxlamaq səlahiyyəti, eləcə də nəsə qeyri-qanuni hal olsa bunu aradan qaldırmaq hüququ var. Çünki bizim komitənin həmin hər hansı nəqliyyat vasitəsini, yaxud yükləri yoxlayacaq texniki imkanımız yoxdur. Odur ki, aidiyyəti qurumlara göndərilən məktubda belə yüklərin yoxlanılması hüquqlarının olması qeyd olunur. Bizim əsas missiyamız humanitar yüklərin yerlərə çatdırılmasıdır. Həmin yüklərin arasında dövlətin əleyhinə nəsə olsa çıxara bilərlər",- deyə o əlavə edib.
İ.Hüseynovanın sözlərinə görə, BQXK əvvəldən elan etdi ki, təhlükəsizliyi təmin edilən istənilən yoldan istifadə etməyə hazırdır. “Bu hansısa ölkədən icazə almaq məsələsi deyil. Laçın yolundan istifadə edilibsə, deməli razılaşdırılıb. Əlaqədar qurumlar, qəbul edən və çatdıran tərəflər razılaşdırdı və sentyabrın 18-də Ağdam yolu ilə yük keçirildi”,- deyə o, əlavə edib.
İ.Hüseynova bildirib ki, Xankəndidəki ofis heç bir zaman Ermənistana bağlı olmayıb. O bildirib ki, hazırda da həmin ofis bağlanmayıb, fəaliyyət göstərir.
İlahə Hüseynova deyib: "Xankəndidə olan ofis heç vaxt Ermənistana tabe olmayıb və olmayacaq. BQXK-ın illik hesabatlarında da Qarabağ hər zaman Azərbaycanın ərazisi kimi qeyd olunub".
O, bildirib ki, kimsə bizim maşına minirsə, həmin şəxs barədə əlaqədar qurumlara öncədən məlumatlar verilir. “Ola bilməz ki, BQXK maşınında əməkdaşdan başqa şəxs olub və onun barəsində əlaqədar qurumlara məlumat verilməyib”,- deyə o, əlavə edib.
O həmçinin bildirib ki, 44 günlük müharibə zamanı döyüş bölgəsində iştirak etmədik. Yalnız müharibə bitdikdən sonra tərəflərin iştirakı ilə həmin bölgədə olduq.
Qeyd edək ki, BQXK jurnalistlər üçün məlumatlandırıcı sessiya keçirir.