Azərbaycanda dövlət siyasətinin tərkib hissəsi olan düzgün sosial siyasət nəticəsində vətəndaşların sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına çalışılır. Dövlət, həmçinin, hərbçilərə dəstək verməklə, onların maddi-məişət şəraitini yaxşılaşdırmaqla ordumuzun daha da güclü olmasını təmin edir.
Qeyd etdiyimiz kimi, dövlət tərəfindən hərbçilərə daim dəstək göstərilir. Gələn il ehtiyata və ya istefaya buraxılmış hərbçilərə mənzil kirayəsi ilə bağlı xərclər 14 366 639.0 manat olacaq. Bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb. Bu, 2023-cü illə müqayisədə 12.5 faiz çoxdur. 2023-cü ildə bu məqsədlə 12 760 162.0 manat nəzərdə tutulub.
“Ordunun güclənməsi, onun maddi-texniki bazasının və ya yeni növ silahların alınması ilə yanaşı hərbçilərin sosial problemlərinin həlli istiqamətində də hədəflər mövcuddur”
Hərbçilərə veriləcək kirayə xərcinin artırılmasının əhəmiyyəti haqqında danışan millət vəkili Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Prezident İlham Əliyevin tapşırığı nəticəsində hərbçilərə böytük dəstək verilir. Onların həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində böyük tədbirlər həyata keçirilir. Eyni zamanda, hərbçilərin maliyyə təminatı ilə bağlı bir çox qərarlar verilir: “Ordumuzun maddi-texniki təminatının güclənməsi ilə bağlı dövlət büdcəsindən hər il müəyyən məbləğdə vəsait ayrılır. Ən prioritet sahələrdən biri də ordunun güclənməsidir. Ordunun güclənməsi, onun maddi-texniki bazasının və ya yeni növ silahların alınması ilə yanaşı hərbçilərin sosial problemlərinin həlli istiqamətində də hədəflər mövcuddur. Bu baxımdan da hərbçilərin kirayə xərcinin artırılması əhəmiyyətlidir. Hərbçilərin kirayə xərcinin artırılması ölkə Prezidenti tərəfindən onlara göstərilən diqqətin nümunəsidir”.
Millət vəkilinin sözlərinə görə, hərbçilər xidməti vəzifəsi ilə əlaqədar olaraq müxtəlif regionlarda xidmət edir. Bir çox hərbçilərin ailələri də onların xidmət etdiyi ərazilərdə yaşamalı olur. Bu səbəbdən də hərbçilərin yaşadığı ərazinin komfort şəraitli olması və ödənişin də dövlət tərəfindən təmin olunması olduqca əhəmiyyətlidir.
Günel CƏLİLOVA