Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşü dünya mediasında ardıcıl şəkildə işıqlandırılmaqdadır. Artıq qonşu İran mətbuatı da bu görüşə geniş diqqət ayırıb. İranın İRNA dövlət informasiya agentliyi, “Mehr” agentliyi, ingilis dilində dərc olunan “Tehran times” qəzeti və digər media qurumları Qoşulmama Hərəkatının Bakıda keçirilən tədbirini diqqətdə saxlayıblar.
“Tehran times” qəzeti yazır ki, tədbirdə İranın xarici işlər nazirinin iştirakı iki qonşu dövlətin münasibətlərinin də yaxınlaşmasına stimul verə bilər. Qəzetə müsahibə verən İran parlamentinin nümayəndəsi Əbülfəz Amoli bildirib ki, xarici işlər naziri Əmir Abdullahiyanın Bakı səfəri və oradakı görüşləri əlaqələrin bərpasında mühüm rol oynaya bilər. O qeyd edib ki, İran ilə Azərbaycan xalqları oxşar tarixə, dinə və adət-ənənələrə malikdir.
İRNA xəbər agentliyinin saytında yayımlanan məqalədə qeyd edilib ki, İranın xarici işlər naziri iki ölkənin birgə beynəlxalq layihədə iştirakını xüsusi vurğulayıb. Nazir deyib ki, İran ilə Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında iştirak edir və beynəlxalq əhəmiyyətli bu layihə hər iki dövlətin iqtisadi inkişafına böyük töhfə verəcək. “Mehr” xəbər agentliyi isə nazir Ə.Abudlahiyanın çıxışında səsləndirdiyi fikirlər və tədbirin yüksək səviyyədə təşkil olunması barədə informasiya dərc edib.
Mətləb