“Fransa, hətta Korsika dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir, lakin eyni zamanda, özünü Azərbaycandakı erməni milli azlığın müdafiəçisi kimi göstərməyə çalışır”. Bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda Nazirlər görüşündə çıxışı zamanı deyib.
Ölkə başçısının sözlərinə görə, bu yaxınlarda Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsi bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlamətidir. Fransa, hətta Korsika dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir, lakin eyni zamanda, özünü Azərbaycandakı erməni milli azlığın müdafiəçisi kimi göstərməyə çalışır. Bu, riyakarlıq və ikili standartlardan başqa bir şey deyil. Fransa hakimiyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində bu cür narahatedici meyillərlə mübarizə aparmalıdır”.
“Korsika xalqının hüquqlarını pozan Fransanın Qarabağdakı etnik erməni azlığı barədə danışmağa haqqı yoxdu”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin sözlərinə görə, Qoşulmama Hərəkatının məlum tədbirində Prezident İlham Əliyev bir sıra məsələlərə toxundu: “O cümlədən, Fransanın apardığı riyakar siyasətə toxundu. Məlum olduğu kimi, Fransa Azərbaycan-Ermənistan münaqişəsində çox ədalətsiz, qərəzli mövqe tutur. Hər vəchlə erməni separatizminə dəstək verir. Erməni tərəfinin işğalçılıq siyasətinə don geyindirməyə çalışır. Bunda da əsas rol oynayan Fransa prezidenti Emmanuel Makrondur. Eləcə də ölkə hakimiyyətində olan ayrı-ayrı vəzifəli şəxslərdir. Fransanın hazırki prezidentinin yeritdiyi siyasətlə bağlı Azərbaycanın sərt mövqeyi var. Prezident İlham Əliyev bu məsələyə bir daha toxundu. Fransanın apardığı müstəmləkə, işğalçılıq siyasətini kəskin tənqid etdi. Fransanın dünyanın müxtəlif ölkələrində, xüsusən də Afrika ölkələrində soyqırım törətdiyini qeyd etdi. Eyni zamanda Korsika dilində danışan xalqın hüquqlarının pozulmasını gündəmə gətirdi. Korsika xalqı say baxımından o qədər də çox deyil, amma bu xalq öz dilində danışmaq, yazmaq istəyir. Fransa öz qaba gücündən istifadə edərək Korsika dilində danışmağa icazə vermir, assimiliyasiya siyasəti aparır. O biri tərəfdən də Qarabağdakı etnik ermənilərin hüquqlarından dəm vurur, separatçıları himayə edir. Ona görə də tədbirdə Fransanın riyakarlığı prezident tərəfindən ifşa edildi. Korsika xalqının hüquqlarını pozan Fransanın Qarabağdakı etnik erməni azlığı barədə danışmağa haqqı yoxdu. Nə siyasi, nə də mənəvi haqqı yoxdur. Hesab edirəm ki, təkcə Prezident İlham Əliyev yox, bütövlükdə Azərbaycanın siyasi icması Fransaya etiraz etməlidir. Güman edirəm ki, bundan sonrakı müddətdə də bu istiqamətdə bizim fəaliyyətimiz davam edəcək. Fransanın insan haqlarından danışmağa haqqı yoxdu. Çünki Fransanın dövlət olaraq əli milyonlarla insanın qanına batıb. Ona görə də Fransanın bu sahədə söz deməsi demokratik dünya və işğala məruz qalan dövlətlər tərəfindən qəbul olunmur”.
Vidadi ORDAHALLI