Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komissiyasının sədri, Ermənistanın Assambleyadakı nümayəndə heyətinin rəhbəri Sarqis Xandanyan ATƏT PA-nın Demokratiya, İnsan Haqları və Humanitar Məsələlər Komitəsinin sədr müavini seçilib.
Parlamentin mətbuat xidmətinin məlumatına görə, bu barədə qərar iyulun 3-də ATƏT PA-nın Vankuverdə keçirilən illik (yay) sessiyasında qəbul edilib. Komissiya sədrinin müavini vəzifəsini tutan Sarqis Xandanyan eyni vaxtda Assambleyanın əsas idarəetmə orqanı olan ATƏT PA Bürosunun üzvü olub. ATƏT-in Parlament Platforması 57 üzv ölkədən 320-dən çox deputatı birləşdirir. Təşkilatın əsas məqsədi ATƏT-in təhlükəsizlik sahəsində əsas məqsədlərini təbliğ etməklə parlamentlərarası dialoqu təşviq etməkdir.
Bu, ATƏT-in Azərbaycana münasibətinə təsir edəcəkmi?
Avropa institutları ilə yaxından əməkdaşlıq edən politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əslində bu hadisəni ermənilərin parlaq qələbəsi kimi qəbul etmək olmaz: “Çünki bu, ATƏT strukturunda rotasiya əsasında verilən vəzifədir. Yəni quruma üzv olan 57 ölkədən hər birinin nümayəndəsi növbəlilik prinsipi əsasında bu vəzifəni tutur. Ancaq deyə bilmərik ki, ermənilər bundan bizə qarşı istifadə etməyəcək. Xüsusilə də insan haqları, humanitar mövzularla bağlı bu amildən bacardıqca yararlanmağa çalışacaqlar. Eyni zamanda Ermənistana müəyyən humanitar yardımların yönəlməsi istiqamətində addımlar atacaqlar. Qarabağdakı etnik ermənilərin güya humanitar “fəlakətlə” üzləşdiyi yalanını daha da qabardacaqlar. Erməni lobbisinin apardığı kampaniyanı davam etdirəcəklər. Nəzərə alsaq ki, ATƏT təsisatlatında onsuz da kifayət qədər erməni şəbəkəsi var, bunların əl-qolu bir az da açılmış olacaq. Ancaq bu vəzifənin əldə olunması o anlama gəlmir ki, onlar qurum adından Ermənistana hansısa missiyanı gətirə biləcəklər. Dəfələrlə belə təşəbbüslər ediblər, ancaq alınmayıb”.
Qeyd edək ki, Ermənistan Fransanın dəstəyi ilə Avropaya aid bəzi missiyaların regiona gətirilməsində maraqlı olub. Hətta Avropa İttifaqının yarımhərbi missiyasını müşahidəçi adı ilə sərhədə yerləşməsinə nail olub. Yəqin ki, bu təyinatdan da ölkəmizə qarşı qərəzli qərarların həyata keçirilməsi üçün istifadə edəcəklər.
Məhəmmədəli QƏRİBLİ