“Hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir”. Bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda Nazirlər görüşündə çıxışı zamanı deyib.
Ölkə başçısının sözlərinə görə, BMT-də ciddi islahatların aparılması qaçılmazdır: “BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Şadam ki, bu gün bu ideya ilə bağlı dünyada artan konsensus vardır. Əvvəllər qeyd etdiyim kimi, BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. Zənnimizcə, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar”.
“1989-cu ildə “soyuq müharibə” bitəndən sonra dünya nizamının tənzimlənməsinin 5 ölkənin ümidinə buraxılması böyük ədalətsizlik idi”
Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə hesab edir ki, BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsinə ciddi ehtiyac var: “Cənab Prezidentin sözügedən məsələ ilə bağlı səsləndirdiyi fikirlər tam reallığı və bugünkü həqiqəti özündə əks etdirir. Nəzərə almaq lazımdır ki, 1945-ci ildə BMT yaradılanda dünya nizamı, siyasi şərtlər tam fərqli idi. İkinci Dünya müharibəsi yeni başa çatmışdı. Bu baxımdan o zaman üçün TŞ-nin daimi üzvlərlə bağlı say tərkibini hardasa anlamaq olardı. Ancaq 1989-cu ildə “soyuq müharibə” bitəndən sonra tamamilə yeni reallıqlar yarandı. Belə olan halda BMT çərçivəsində dünya nizamının tənzimlənməsinin 5 ölkənin ümidinə buraxılması böyük ədalətsizlik idi. Bu səbəbdən sözügedən mexanizm praktiki olaraq işləmədi və nəticədə BMT dünyada daha da hörmətdən düşdü. BMT qərarlarına çox vaxt kağız parçası kimi baxıldı. Məsələ ondadır ki, dövlətlərarası münasibətlərin tənzimlənməsində mövcud olan çətinliklər məlumdur. Beynəlxalq hüququn tələblərinə heç də hər zaman əməl olunmur. Xüsusən də 90-cı illərdən başlayaraq bu problem daha qabarıq şəkildə özünü göstərir. Ortaya müxtəlif xarakterli problemlər çıxır. Bu da dünyada geosiyasi gərginliklər yaradır, haqlı narazılığa səbəb olur. Yaranmış bu vəziyyətdən çıxış yolu BMT-də islahatların aparılmasıdır. Bu da, təbii ki, Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılmasından keçir. BMT TŞ-nin 5 daimi üzvü öz yerlərini və təşkilatdakı söz sahibi olmaq hüquqlarını qorumağa çalışırlar. Necə deyərlər, bununla monopoliya yaratmağa çalışırlar. Hesab edirəm ki, bu ədalətsizlikdir. Bununla razılaşmayan ölkələrin sayı getdikcə artır. Faktiki olaraq, neçə illərdir ciddi fikir ayrılığı mövcuddur. Ona görə də daimi üzvlərin sayı artmalıdır. Yalnız o zaman BMT ədalətli qərarlar qəbul edə bilər”.
Vidadi ORDAHALLI