Məlum olduğu kimi, iyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü keçirilib. Görüşdə iştirak edən Prezident İlham Əliyev bir sıra məsələlərə toxunub.
O cümlədən, qeyd edib ki, mina problemi Ermənistan tərəfindən Azərbaycan xalqının fundamental insan hüquqlarının pozulmasıdır: “2020-ci ildə kapitulyasiyadan sonra da Ermənistan külli miqdarda mina istehsalını davam etdirirdi və onları Laçın sərhəd-gömrük buraxılış məntəqəsi yaradılana qədər Azərbaycanın Qarabağ bölgəsinə daşıyırdı”.
Prezidentin məlum çıxışının Qoşulmama Hərəkatı ölkələrində bölgədəki proseslərlə bağlı daha obyektiv fikir formalaşmasında nə kimi rolu olacaq?
“Azərbaycanın Laçında yaratdığı sərhəd gömrük məntəqəsində ermənilərin formalaşdırmağa çalışdırdığı dezinformasiya manipulyasiyanın qarşısında Prezidentin səsləndirdiyi məlum fikir müdafiə buferidir”
Siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Ermənistan tərəfindən Azərbaycan ərazisində kütləvi şəkidə qanunsuzluqlar həyata keçirilib: “Azərbaycan tərəfi işğal altında olan torpaqları azad etdikdən sonra Ermənistan vəziyyəti daha da gərginləşdirməyə çalışdı. Belə ki, bu gün Ermənistan ərazisinə müxtəlif ölkələrdən mina daşınması həyata keçirilir. Bu isə Azərbaycana qarşı terror, təxribatdır və növbəti dəfə diversiyalara şərait yaradır”.
Siyasi şərhçi hesab edir ki, Qoşulmama Hərəkatının Bakı toplantısında ölkə başçısı İlham Əliyevin səsləndirdiyi Ermənistanın külli miqdarda mina istehsalını davam etdirdiyi və onları Laçın sərhəd-gömrük buraxılış məntəqəsi yaradılana qədər Azərbaycanın Qarabağ bölgəsinə daşıdığı fikri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çox böyük, müstəsna əhəmiyyətə malikdir: “Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın Laçında yaratdığı sərhəd gömrük məntəqəsində ermənilərin formalaşdırmağa çalışdırdığı dezinformasiya manipulyasiyanın qarşısında Prezidentin səsləndirdiyi məlum fikir müdafiə buferidir”.
Günel CƏLİLOVA