Hindistan ordusu, fevralın 14-də Kəşmirdə 44 hind əsgərinin ölümü ilə nəticələnən hücumdan sonra, terrorçuları vurmaq üçün Pakistan hava sahəsini pozmuşdu. İslamabad isə Pakistan hava sahəsini pozan Hindistana aid 2 döyüş təyyarəsini, qarşı tərəf isə bir Pakistan F-16-sını vurduğunu iddia etmişdi.
Baki-xeber.com xəbər verir ki, iki ölkə arasında gərginliyin artdığı vaxtda Hindistan və Pakistanın raketlərini hazır vəziyyətə gətirdiyi və bir-birini təhdid etdiyi ortaya çıxıb.
“Reuters”in iddiasına görə, iki ölkə arasında təhdidlər ABŞ-ı hərəkətə gətirib. İki nüvə ölkəsi arasında ola biləcək qarşıdurmanı dayandırmaq üçün ABŞ rəsmiləri iki tərəflə də danışıqlar apararaq böyük bir müharibənin qarşısını alıblar.
Hindistanın Pakistanı təhrik etmək üçün hava hücumları təşkil etdiyini, sözügedən bölgələrdə terrorçulara aid hər hansı bir düşərgəsinin olmadığını və dağların bombalandığını açıqlayan Pakistan rəsmisi, Hindistanın raket təhdidlərinə daha sərt təhdidlə cavab verib. “Reuters” adını açıqlamadığı bir Pakistan nazirinin Hindistanın raket təhdidlərilə bağlı şərhini xatırladıb: ''Bir raket atsanız, üç raket atacağıq” dedik. Hindistan nə edirsə etsin, buna üç qat artıq cavab verəcəyik”.