Dünən Pakistanın əsir aldığı Hindistan pilotunu azad etməsi iki ölkə arasında gərginliyi azaltmadı. Pakistanın sülh jesti kimi dəyərləndirilən bu addımından bir gün sonra iki ölkə orduları arasında yeni toqquşmalar olub.
Baki-xeber.com xəbər verir ki, nüvə silahına malik iki ölkə arasında silahlı qarşıdurma Kəşmir atəşkəs xəttində baş verib. Ağır silahlardan istifadə edilən qarşıdurmada 4 pakistanlı həlak olub, Hindistan tərəfdən isə 3 nəfər ölüb. İki pakistanlı isə yaralanıb.
Hindistan əsgərlərinin ağır silahlardan istifadə etdiyini bildirən Pakistan ordusu bəyan edib ki, hind əsgərləri Nakiyal, Tattapani və Jandrot bölgələrində əsasən mülki vətəndaşları hədəf alıb.
Açıqlamada 2 pakistanlı əsgər və 2 mülki vətəndaşın həyatını itirdiyi, iki mülki şəxsin isə yaralandığı deyilir. Bəyanatda, Hindistanın ağır silahlardan istifadə etməsi nəticəsində çox sayda evə ziyan dəydiyi də bildirilir.
Qeyd edək ki, Pakistanın əsir aldığı Hindistan pilotunu dünən azad etməsi, iki nüvə silahlı ölkə arasında gərginliyin azaldılması istiqmətində mühüm addım sayılırdı.