Pakistan hökuməti iki gün əvvəl mübahisəli Kəşmir regionunda vurub saldığı Hindistan döyüş təyyarəsinin pilotunu azad edəcəyini bildirib. Baki-xeber.com xəbər verir ki, Pakistanın baş naziri İmran Xan sülh jesti olaraq pilot Abinandan Vartamanın azad ediləcəyini deyib.
"Sülhə və danışıqlara ilk addım olaraq biz sabah (bu gün) Hindistan hava qüvvələrinin zabitini azadlığa buraxacağıq” - Xan bildirib.
“Dərinləşən gərginlik nə bizim nə Hindistanın xeyrinədir. Səhv addımlara görə ölkələr məhv oldu. Müharibə həll yolu deyil. Hindistan bir addım atsa buna cavab verərik” deyən İmran Xan Hindistanla gərginliyin azaldılmasında vasitəçilik etmək üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib.
Pakistanın gərginliyi azaltmağa yönəlmiş çağırışlarına baxmayaraq, Hindistan fgərginliyi daha da artıracaq qərar verib. Ordu rəhbərliyi bəyan edib ki, Pakistan ərazısındə olduğunu iddia etdikləri “terrorçu kamplarını” vurmaqda davam edəcək.
Pilot iki gün əvvəl mübahisəli Kəşmir bölgəsindəki de-fakto nəzarət sərhədini keçərək Pakistan Kəşmirinin hava məkanına daxil olduqdan sonra ələ keçirilib. Pakistan Hindistanın ikinci döyüş təyyarəsinin də vurulub salındığını, lakin Hindistanın nəzarətindəki Kəşmir bölgəsinə düşdüyünü deyir.
Hindistan ordusu Pakistana məxsus qırıcı təyyarəni vurduğunu iddia etsə də, İslamabad bunu rədd edir. Pakistan Ordusunun sözçüsü general-mayor Asıf Qafur "Pakistanın F-16 təyyarəsini vurduq dedilər. Haradadır bu təyyarə? Varsa, göstərsinlər və sübut etsinlər" deyə bildirib.
Pakistanın Hindistanın 350 hərbçisini öldürdüyünə dair iddialara da toxunan sözçü deyib: "İslama görə, bir nəfər öldüyü zaman dəfn edilir və namazı qılınır. Belə bir məzar, ya da meyit yoxdur. Amma 350 nəfəri öldürdüklərini deyirlər. Haradadır bu 350 cəsəd? Bir damla qan belə yoxdur".
Qafur bu iddialarla bağlı Hindistana sual verməyən Qərb mediasını da tənqid edib: "Heç kim Hindistanın 350 insanı öldürdüyü ilə bağlı məlumat vermir, sual vermir. Pakistan 350 insanı öldürsəydi, minlərlə xəbər yayılardı".
Qafur Qərb mediasının Hindistan-Pakistan gərginliyi məsələsində ikiüzlü davrandığını və Pakistan haqqında pis imic formalaşdırmağa çalışdığını deyib: "Pakistana Qərb eynəyi ilə baxsanız, bizi pis imici olan bir ölkə kimi görərsiniz. Bizə Türkiyənin, İranın, Çinin, Şri Lankanın eynəyi ilə baxın. 11 Sentyabrı törədənlər arasında bir dənə pakistanlı yox idi. Qərbin bir o insanların ölkələrinə, bir də Pakistana nə etdiyini görün".