Hind əsgərlərinə bombalı hücumdan sonra Pakistan və Hindistan arasında günlərdir yaşanan gərginlik dünən iki döyüş təyyarəsinin vurulması ilə iki nüvə dövlətini müharibənin bir addımlığına gətirdi.
Baki-xeber.com xəbər verir ki, iki ölkə arasında gərginlik fevralın 14-də Kəşmirin Hindistanın nəzarətində olan bölgəsində 44 hind əsgərinə bombalı hücumdan sonra başlayıb. Hindistan hücuma görə, Pakistanı günahlandırır, ancaq hücumu pisləyən İslamabad bu iddiaları rədd edir.
Hindistan fevralın 26-da Kəşmir atəşkəs xəttinin Pakistan hissəsində terror təşkilatlarının hədəflərini bombaladığını bəyan edib. Həmin vaxt bir hind təyyarəsinin geri çəkilərkən Pakistan ərazisinə bomba atmasına sərt reaksiya verən İslamabad isə Hindistana sərt cavab veriləcəyini bildirmişdi.
Dünən isə Pakistan hərbi hava qüvvələri hava sahəsini pozan Hindistanın iki döyüş təyyarəsini vurduğunu bəyan edib. Bundan başqa, Pakistan döyüş təyyarələri Hindistan hava sərhədini də daxil olub. Hindistan Pakistanın bir təyyarəsini vurduğunu iddia etsə də İslamabad bunu təsdiqləməyib.
Təyyarələrdən biri Kəşmirin Pakistan tərəfinə, digəri Hindistanın nəzarətindəki Kammu Kəşmir (Kəşmirin Hindistanın nəzarətindəki bölgəsi) bölgəsinə düşüb.
Pakistan ordusunun sözçüsü Asif Qafur Twitter hesabında fotosunu paylaşdığı hind pilotunun əsir alındığını bildirib. Sözügedən əsgər də yaralı olduğunu və müalisə aldığını deyib.
Hindistan isə Pakistanla qarşıdurmada bir MİQ-21 döyüş təyyarəsi ilə əlaqənin kəsildiyini, pilotun da itkin düşdüyünü açıqlayıb.
Tərəflər arasında gərginlikdə hava əməliyyatları ilə yanaşı artilleriyadan da istifadə olunub. Sərhədin hər iki tərəfində mülki şəxslər evakuasiya olunub. Iki ölkə sərhədinə hər iki tərəfdən hərbi qüvvə toplanır.
Bu arada, Kəşmirdə içərisində 7 əsgərin olduğu Hindistana aid bir helikopterin qəzaya uğradığı məlum olub. Ancaq hadisənin Pakistanla yaşanan gərginliklə bağlı olub-olmadığına dair heç bir açıqlama verilmir.
Pakistan Hindistanla gərginliyi artırmaq istəmədiyini, ancaq məcbur olacağı halda hər şeyə hazırlıqlı olduğunu bəyan edib. Pakistanın Baş naziri İmran Xan gərginliyi azaltmaq üçün hindistanlı həmkarı Narendra Modiyə müraciət edib. İmran Xan hindistanlı həmkarına məsələni dinc şəkildə müzakirə etməyi təklif edib.
Hadisədən dərhal sonra Pakistan hava sahəsini bağlayıb, Hindistan isə bəzi hava limanlarında uçuşları dayandırıb.