Rusiya parlamentinin iclaslarında millət vəkilləri tərəfindən səsləndirilən yersiz və əsassız bəyanatlar İnternet vasitəsilə ictimailəşdiriləcək. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
Millət vəkillərinin əsassız ifadələrini İnternet uzərindən “utanc lövhəsi”də yaymağı planlaşdırdıqlarını deyən parlament sədri, bu addımın, millət vəkillərini danışmadan əvvəl düşünməyə məcbur edəcəyini bildirib.
“Moscow Times” yazır ki, Volodin, müzakirələr zamanı səsləndirilən əsassız bəyanatların Dumanın internet saytında, ictimaiyyətin görə bilməsi üçün yayımlanacağını deyib: "Əgər axmaq bir şey etdinsə, bu hər kəs tərəfindən görülməlidir".
Media orqanlarının millət vəkillərinin sözlərini təhrif etməsinə gəlincə, Duma rəhbəri deyib ki, "biz həmkarlarımızı qoruyacağıq".
Volodin, deputatların yersiz bəyanatları internetdə yayılmadan əvvəl onların üzvü olduğu partiyalarla məsləhətləşmələr aparılacağını da deyib.